Haqqımızda Reklam
24 
Iyl
2026
14:58
7
4
261

XİN Avropa İttifaqının Kulevi terminalını sanksiya siyahısına daxil etməsinə münasibət bildirib

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində Kulevi neft emalı zavodunun sanksiya siyahısına daxil edilməsi ilə bağlı qərardan təəssüfləndiyini bəyan edib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Gürcüstan Avropa İttifaqının tətbiq etdiyi sanksiya rejiminə və onun məqsədlərinə tam şəkildə riayət edir, həmçinin ölkə ərazisinin sanksiyalardan yayınmaq üçün istifadə olunmaması məqsədilə bütün zəruri tədbirləri görür. Nazirlik vurğulayıb ki, bu istiqamətdə Aİ ilə əməkdaşlıq şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır: "Bu əməkdaşlıq çərçivəsində Gürcüstanın aidiyyəti dövlət qurumları Avropa İttifaqı institutlarını bütün zəruri məlumat və izahlarla vaxtında təmin edirlər", – deyə bəyanatda deyilir. XİN-in məlumatına görə, Gürcüstan dövlət qurumlarının səmərəli fəaliyyətinin göstəricisi odur ki, bu günə qədər ölkə ərazisində Avropa İttifaqının sanksiyalarından yayınma ilə bağlı heç bir fakt qeydə alınmayıb. Bəyanatda qeyd edilir ki, Aİ-nin 21-ci sanksiyalar paketinin hazırlanması zamanı Gürcüstan tərəfi Avropa Komissiyasına Kulevi neft emalı zavodu ilə bağlı ətraflı məlumat və müvafiq sənədlər təqdim edib. Həmin sənədlər zavodun sanksiya siyahısına salınması üçün heç bir hüquqi və faktiki əsasın olmadığını təsdiqləyir. Xarici İşlər Nazirliyi ümid etdiyini bildirib ki, Avropa Komissiyasının aidiyyəti strukturları və Aİ-yə üzv dövlətlər qərarın qüvvəyə minməsinə qədər nəzərdə tutulan altı aylıq müddət ərzində ədalət prinsipini rəhbər tutaraq bu qərara yenidən baxacaqlar. Bəyanatın sonunda vurğulanır ki, Gürcüstan Avropa İttifaqı institutları ilə əməkdaşlığı davam etdirməyə və onlara bütün zəruri məlumatları təqdim etməyə hazırdır.

www.24news.ge