Haqqımızda Reklam
17 
Okt
2026
16:02
2
5
834

İvanişvilinin iştirakı ilə “Gürcü Arzusu”nun iclası başa çatdı: İlk açıqlamalar var (FOTO)

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş ofisində Siyasi Şuranın iclası keçirilib. İclasda Siyasi Şuranın bütün üzvləri, eləcə də partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili iştirak edib. 24News.ge xəbər verir ki, Siyasi Şuranın tərkibinə dəyişiklik edilib. Belə ki, parlament çoxluğunun lideri İrakli Kirtsxaliya və Acarıstan Muxtar Respublikasının hökumət sədri Zurab Pataradze Siyasi Şuranın yeni üzvləri olublar. Siyasi Şuranın iclasından sonra görüş parlament çoxluğu formatında davam etdirilib. Həm Siyasi Şuranın, həm də parlament çoxluğunun iclaslarında hakim komandanın üzvləri ölkədəki cari siyasi və iqtisadi prosesləri müzakirə ediblər. Partiyanın fəxri sədri Bidzina İvanişvili komanda üzvlərinə fəal fəaliyyətlərinə görə təşəkkür edib. O, keçmişdə komanda daxilində mövcud olmuş korrupsiya problemlərini xatırladaraq, baş nazirin, hökumət komandasının və güc strukturlarının səmərəli fəaliyyəti nəticəsində bu problemlərin tamamilə və effektiv şəkildə aradan qaldırıldığını bildirib. İclasda, həmçinin hökumətin son dövrlərdə elan etdiyi konkret təşəbbüs və islahatlara diqqət yetirilib. Parlament çoxluğunun toplantısı müzakirələr formatında keçirilib. Görüşdən sonra açıqlama verən Baş nazir İrakli Kobaxidze bildirib ki, görüşlərdə partiyanın fəxri sədri Bidzina İvanişvilinin iştirakı və onun fikirlərinin dinlənilməsi partiya üzvləri üçün çox vacib idi: “Görüşlərin məqsədi mühüm məsələləri müzakirə etmək idi. Hər iki görüşdə həm daxili, həm də xarici siyasət məsələləri nəzərdən keçirildi. Bidzina İvanişvilinin konkret məsələlərlə bağlı fikirlərini və mövqeyini dinləmək çox vacib idi. Hər iki görüş müzakirə formatında, çox maraqlı şəkildə keçdi”. Baş nazirin sözlərinə görə, görüşlərdə beynəlxalq məsələlər də müzakirə olunub: “Ölkədə, o cümlədən komandanın daxilində baş verən proseslər barədə danışıldı. Müxtəlif mövzulara qısa şəkildə toxunduq. Xarici kontekst də vacibdir və bununla bağlı da müzakirələr aparıldı. O cümlədən suallar verildi və cavablar səsləndirildi”, – deyə İrakli Kobaxidze qeyd edib. Hökümət rəhbəri bildirib ki, komandanın keçmiş üzvlərinin konkret cinayətlərə görə cəza çəkməsi təəssüf doğurur və bu narahatlıq Bidzina İvanişvili tərəfindən də ifadə olunub: “Bilirsiniz, baş verən proseslər nəticəsində hazırda cəzaçəkmə müəssisəsində olan insanlar var. Komanda üçün Bidzina İvanişvilinin fikirlərini dinləmək vacib idi. Bu barədə danışıldı. Baş verənlər hamımız üçün, ilk növbədə isə Bidzina İvanişvili üçün təəssüf doğurur. Komandanın keçmiş üzvlərinin konkret cinayətlərə görə cəza çəkməsi üzücüdür və Bidzina İvanişvili də bu narahatlığını ifadə edib. Baş verənlər təəssüf doğurur və bu, komanda üçün müəyyən mənada zərbə oldu. Baş verənlərə görə çox təəssüflənirik”, – deyə Kobaxidze bildirib. İrakli Qaribaşvilinin həbsdən azad edilməsi və ya mümkün əfv olunması ilə bağlı suala cavabında isə baş nazir bu məsələnin iclasda müzakirə edilmədiyini qeyd edib: “Bidzina İvanişvili baş verən proseslərə çox ümumi şəkildə toxundu və bununla bağlı öz qiymətləndirməsini verdi”, – deyə Kobaxidze bildirib.

www.24news.ge