Haqqımızda Reklam
16 
Okt
2026
19:33
18
14
991

İmam-cümədən Saakaşvilinin iddialarına sərt reaksiya: “Artistlikdən əl çəksin, dinlə bağlı fətvalar vermək əvəzinə öz işi ilə məşğul olsun”

Marneuli İmam Əli (ə) Məscidinin imam-cüməsi, seyid Mirismayıl Əsədov Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin İranın Gürcüstanda radikal İslamın yayılmasına çalışması ilə bağlı iddialarına münasibət bildirib. 24News.ge xəbər verir ki, Mirismayıl Əsədov bu barədə bu gün cümə xütbəsi zamanı danışıb. O, Saakaşvilinin son dövrlərdə dini mövzularda açıqlamalar verməsini tənqid edərək, sabiq prezidentin səsləndirdiyi fikirlərin məntiqi baxımdan əsaslandırılmalı olduğunu bildirib. İmam-cümənin sözlərinə görə, əgər Saakaşvilinin iddia etdiyi kimi, Gürcüstanda radikal dini qüvvələr mövcud olubsa, bu məsələ onun prezidentliyi dövründə də olub və həmin vaxt müvafiq tədbirlərin görülməməsi sual doğurur: "Saakaşvili son dövrlərdə dini mövzularda fikir bildirməyə başlayıb. Əvvəla, hər bir insan özünə hörmət etməlidir. Özünə hörmət etməyən insana heç kim hörmət etməz. Adama bir sual verərlər: axı bunlar sənin dövründə də var idi. Əgər radikallıq var idisə, niyə onunla mübarizə aparmırdın? Əksinə, bu ölkədə iranlı qardaşların gəlməsi və fəaliyyət göstərməsi üçün ən çox şəraiti məhz sən yaratdın. Əgər radikal qüvvələr var idisə, niyə onlarla mübarizə aparmırdın? Həmin iki-üç mədrəsə də elə sənin dövründə və ondan əvvəl mövcud idi. Əgər həmin mədrəsələr radikal qüvvələr yetişdirirdisə, niyə onları bağlamırdın? İndi radikal olublar? Yaxşı olardı ki, insan fikirlərini ölçüb-biçərək, düşünülmüş şəkildə və məntiq çərçivəsində səsləndirsin. Bu cür fikirlərə ehtiyac yoxdur. Əgər İran pis ölkə idisə, niyə ora gedirdin? Niyə orada alovlu və coşqulu çıxışlar edirdin? İran sən həbsə düşəndən sonra pis ölkəyə çevrildi? Yoxsa radikal düşüncələr yetişdirilməyə məhz bundan sonra başlanıldı? Ona görə də yaxşı olardı ki, bu insan artistlikdən əl çəksin, dinlə bağlı fətvalar vermək əvəzinə öz sahəsi ilə məşğul olsun. Əsassız iddialar səsləndirməklə özünü daha da gözdən salmasın", - deyə seyid Mirismayıl Əsədov qeyd edib. Xatırladaq ki, Mixeil Saakaşvili son açıqlamasında İranın Gürcüstanda radikal İslamın yayılmasına çalışdığını iddia edib. O, bu istiqamətdə fəaliyyət göstərdiyini düşündüyü dini və təhsil müəssisələrinin maliyyələşdirildiyini bildirib.

www.24news.ge