Haqqımızda Reklam
10 
Okt
2026
14:15
7
2
339

Səfir: "Aİ uzun müddətdir Gürcüstan hakimiyyətini Avropaya inteqrasiya istiqamətində siyasətini dəyişməyə çağırır"

Gürcüstanda Avropa İttifaqının (Aİ) səfiri Pavel Herçinski ölkə hakimiyyətini Avropa İttifaqına inteqrasiya istiqamətində kursunu dəyişməyə çağırıb. O bildirib ki, son dövrlərdə Avropa əleyhinə ritorika Gürcüstanla Aİ arasındakı sıx əlaqələrə zərər vursa da, tərəflər arasında uzun illər ərzində formalaşmış dostluğu dəyişə bilməz. 24News.ge xəbər verir ki, Herçinski bu barədə media nümayəndələri ilə söhbətində və Telavidə Aİ nümayəndəliyinin təşkil etdiyi “Avropa Günü 2026” tədbirində çıxışı zamanı danışıb. Səfirin sözlərinə görə, Aİ artıq uzun müddətdir Gürcüstan hakimiyyətini Avropaya inteqrasiya istiqamətində siyasətini dəyişməyə çağırır, lakin bu müraciətlər nəzərə alınmır. Herçinski xatırladıb ki, Avropa Şurasının Gürcüstanın siyasi kursunu dəyişməsinə dair çağırışları öz əksini tapan ilk nəticələri 2024-cü ilin iyununda dərc olunub. O, həmçinin 2024-cü ilin oktyabr və dekabr aylarında qəbul edilən sənədlərə diqqət çəkərək, Gürcüstanın Avropaya inteqrasiya yoluna qayıtması üçün atmalı olduğu addımların həmin sənədlərdə göstərildiyini bildirib. Diplomat qeyd edib ki, son günlər Avropa İttifaqına, onun institutlarına, Avropa Parlamentinə və qurumların rəhbərlərinə qarşı səsləndirilən fikirlər onu təəssüfləndirir. Bununla yanaşı, Pavel Herçinski Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlərin tarixi əsaslarına toxunaraq bildirib ki, tərəflər arasında dostluq Gürcüstanın müstəqillik qazandığı dövrdən başlayır: “Son dövrlərdəki Avropa əleyhinə ritorika bu sıx əlaqələrə ciddi zərər vursa da, onları dəyişə bilməz. Çoxillik tarixi bir neçə il ərzində yenidən yazmaq, xüsusilə də unutmaq mümkün deyil”, – deyə səfir vurğulayıb. Herçinski Avropa İttifaqının Gürcüstanın demokratik və Avropa gələcəyini dəstəkləməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə, 27 müstəqil dövləti birləşdirən Aİ çoxsəsli musiqiyə bənzəyir və ittifaq Gürcüstanın səsinin də Avropanın bu çoxsəsliliyində aydın eşidilməsini istəyir.

www.24news.ge