Haqqımızda Reklam
10 
Okt
2026
09:14
11
7
927

Tramp: “Putinlə razılaşdıq – Rusiya qlobal bazarlara 3 milyon ton dizel tədarük edəcək”

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının Amerika və dünya bazarlarına tədarükü barədə razılığa gəldiklərini açıqlayıb. 24News.ge xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Rusiya yaxın aylarda dünya bazarlarına ümumilikdə 3 milyon ton dizel yanacağı tədarük edəcək. ABŞ prezidenti bu addımın yanacağın qiymətinin rekord səviyyədə aşağı düşməsinə səbəb olacağını bildirib: “Bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinlə çox uğurlu müzakirəni başa çatdırdım. Müzakirə zamanı razılaşdıq ki, Rusiya dərhal Amerika və dünya bazarlarına 300 min tondan çox, noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə 1 milyon ton dizel yanacağı tədarük edəcək. Bundan əlavə, Rusiyadakı neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddət ərzində dünya bazarlarına 3 milyon ton dizel yanacağı çatdırılacaq. Hörmüz boğazına tam nəzarətimiz və Rusiyanın enerji resursları ilə bağlı bu əla açıqlama nəzərə alınmaqla, dizelin qiyməti amerikalılar və əslində bütün dünya üçün rekord səviyyədə və sürətlə aşağı düşəcək”, – deyə Tramp bildirib. ABŞ prezidenti bu açıqlamanı böyük və mühüm hadisə adlandırıb. O, həmçinin İranın nüvə silahına sahib olmayacağını vurğulayıb. ABŞ-ın yüksək vəzifəli rəsmisi Axios portalına bildirib ki, Tramp bu qərarı Zelenskinin Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı bir neçə tələbi qulaqardına vurmasından sonra verib.

www.24news.ge