Haqqımızda Reklam
16 
Sen
2026
16:56
6
0
243

DTX-nin keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum edildi

Korrupsiya cinayətlərində ittiham olunan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili məhkəmənin hökmü ilə təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum edilib. 24News.ge xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Teraşvili qəbul edib. Məhkəmənin hökmünə əsasən, Liluaşvili ona qarşı irəli sürülən dörd epizodun hamısı üzrə təqsirli bilinib. Bunlar uşaq bağçalarının idarə olunması agentliyi ilə bağlı cinayət əməllərinə himayədarlıq, dələduzluqla məşğul olan “çağrı mərkəzləri”nin himayə edilməsi və İqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mıkautadzenin vasitəsilə rüşvət almağın iki epizodudur. İttihama görə, Liluaşvili uşaq bağçalarının idarə olunması agentliyinin həmin dövrdəki rəhbəri Kaxaber Qvantseladze və agentlikdə müxtəlif vəzifələrdə çalışan şəxslərin qanunsuz fəaliyyətlərinə himayədarlıq edib. İstintaqın versiyasına əsasən, həmin şəxslər müxtəlif məbləğləri qeyri-rəsmi “geri ödənişlər” formasında əldə edib və bu vəsaitlərin bir hissəsi Qriqol Liluaşviliyə çatdırılıb. Liluaşviliyə həmçinin dələduzluqla məşğul olduğu iddia edilən “çağrı mərkəzlərinin” fəaliyyətinə himayədarlıq ittihamı irəli sürülüb. İttiham tərəfinin məlumatına görə, onun yaxın şəxsi Andria Liluaşvili bu mərkəzlərin fəaliyyətində birbaşa iştirak edib. Andria Liluaşvili daha əvvəl bu iş üzrə 12 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş DTX rəhbərinə Romeo Mıkautadzenin vasitəçiliyi ilə rüşvət almağın iki epizodu üzrə də ittiham irəli sürülüb. Mıkautadze də ayrıca cinayət işi üzrə məhkum olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Qriqol Liluaşvili ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, məhkəmədə son söz hüququndan istifadə edərək öz mövqeyini açıqlayıb. Müdafiə tərəfi məhkəmədən bəraət hökmü gözlədiyini bildirmişdi. Keçmiş DTX rəhbərinə qarşı iş üzrə digər şahidlərlə yanaşı, İqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mıkautadze də ifadə verib. Qeyd edək ki, Qriqol Liluaşvili 23 dekabr 2025-ci ildə Prokurorluqda dindirilməyə getdiyi zaman saxlanılıb. Ona Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “g” və üçüncü hissəsinin “e” bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələr qabaqcadan razılaşmış qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

www.24news.ge