Haqqımızda Reklam
16 
Sen
2026
11:08
2
1
96

Wildberries dronlardan qorunmaq üçün metal tor sifariş etdi

Rusiyanın ən böyük onlayn marketplace-lərindən biri olan Wildberries logistika obyektlərini dron hücumlarından qorumaq üçün 478 min kvadratmetr metal tor almaq məqsədilə tender elan edib. 24News.ge xəbər verir ki, “The Bell”in məlumatına görə, tender avqustun əvvəlində keçirilib və Rusiyanın səkkiz regionunda yerləşən logistika mərkəzləri üçün nəzərdə tutulub. Alınacaq torun ümumi sahəsi təxminən 67 standart futbol meydanının sahəsinə bərabərdir. Tender sənədlərində torun istifadə məqsədi konkret göstərilməyib. Lakin sənaye müəssisəsində çalışan mənbə “The Bell”ə materialın əsas məqsədinin anbarları pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq olduğunu bildirib. Tender şərtlərinə əsasən, məftilin diametri 2,5 millimetrdən çox olmamalı, materialın çatdırılması isə yeddi gün ərzində həyata keçirilməlidir. Tenderdə iştirak edən şirkətlər bir kvadratmetr tor üçün 154-474 rubl qiymət təklif edib. Bu hesablamaya əsasən, Wildberries-in ümumi xərci 73,6-226,5 milyon rubl arasında ola bilər. Bundan əlavə, şirkət 14 obyekti üçün istiliyədavamlı silisium əsaslı parça alınması ilə bağlı ayrıca tender də elan edib. Məlumata görə, bu material yüksək temperaturadavamlıdır və yanğından qoruyucu baryer kimi istifadə oluna bilər. Bu satınalmalar Wildberries-in logistika şəbəkəsinə qarşı son aylarda həyata keçirilən dron hücumları fonunda baş verir. “The Bell”in məlumatına görə, iyulun 18-dən başlayaraq şirkətin ən azı 22 obyekti hücumlara məruz qalıb. Avqustun 17-nə olan hesablamalara görə, şirkətin təxminən 2,4 milyon kvadratmetr, yəni ümumi anbar sahəsinin 43 faizi ya məhv edilib, ya da istifadədən çıxarılıb. Rusiyada oxşar metal konstruksiyalar artıq neft bazalarında, yanacaq çənlərində, istilik elektrik stansiyalarında, yarımstansiyalarda və digər potensial riskli obyektlərdə də quraşdırılır.

www.24news.ge