Haqqımızda Reklam
15 
Sen
2026
09:06
8
2
632

Yeni dərs ili başladı: Məktəblərdə qiymətləndirmə qaydaları dəyişib

Gürcüstanın dövlət məktəblərində 2026-2027-ci tədris ili başlayıb. Yeni tədris ili üçün ölkənin dövlət məktəblərində 37 733 birinci sinif şagirdi qeydiyyatdan keçib. 24News.ge xəbər verir ki, “Təhsil Resurs”un məlumatına görə, bu ildən I, V, VII, IX və X sinif şagirdləri yeni məktəb dərslikləri ilə təhsil alacaqlar. Yeni tədris ilində məktəbli formaları ilə bağlı da yenilik tətbiq olunub. Birinci sinif şagirdləri üçün məktəb formalarının satışı sentyabrın 1-dən başlayıb. Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzenin qərarı ilə Milli Tədris Planına da dəyişikliklər edilib. Yeni qaydalara əsasən, semestr ərzində dövlət məktəblərində şagirdlərin qiymətləndirilməsi üç komponent üzrə aparılacaq: Cari ev tapşırığı; Cari sinif tapşırığı; Yekun tapşırıq. Bu üç komponentin qiymətləndirmədə eyni çəkisi olacaq. Bundan əlavə, şagirdin hər hansı fənn üzrə illik qiyməti 5.0-dan aşağı olarsa, məktəb payız imtahanından əvvəl ona remediasiya proqramı təklif etməlidir. I-IV siniflərdə və V sinfin birinci semestrində bütün qiymətləndirmə komponentləri üzrə yalnız inkişafetdirici qiymətləndirmə tətbiq olunacaq. İbtidai təhsil pilləsində (I-VI siniflər) ev tapşırığı da yalnız inkişafetdirici qiymətləndirmə ilə qiymətləndiriləcək. Yekun tapşırıqlarda şagirdin əldə etdiyi bilikləri praktikada tətbiq etməsini və kompleks problemləri həll etməsini tələb edən yaradıcı tapşırıqlardan istifadə məcburi olacaq. Buraya esse, layihə, tədqiqat və ya sahə hesabatı, yaradıcı məhsul, məlumatların təhlili və digər tapşırıqlar daxildir. Qiymətləndirmənin obyektiv və şəffaf olması üçün yekun tapşırıqlar üzrə qiymətləndirmə meyarları əvvəlcədən hazırlanmalı və şagirdlərə təqdim edilməlidir. Şagird üzrlü səbəbdən, o cümlədən dərsdə iştirak etmədiyinə görə yekun tapşırığı yerinə yetirə bilməzsə, məktəb ona həmin tapşırığı sonradan yerinə yetirmək imkanı verməlidir. Bərpa müddəti və keçirilmə forması məktəbin tədris planı ilə müəyyənləşdiriləcək. Həmçinin xəstəxanada müalicə ilə əlaqədar təhsildə çətinlik yaranarsa, məktəb şagirdin təhsil və qiymətləndirilməsini remediasiya proqramı və/və ya evdə təhsil imkanından istifadə etməklə təşkil etməlidir.

www.24news.ge