Haqqımızda Reklam
14 
Sen
2026
23:42
1
0
173

Pensiya borclarına görə 43 milyon lari cərimə silinəcək

Gürcüstanda pensiya fonduna yaranmış borclara görə tətbiq edilən və ödənilməyən cərimələrə amnistiya tətbiq olunacaq. 24News.ge xəbər verir ki, bununla belə, cərimələrin silinməsi yalnız işəgötürən pensiya borcunu və gecikmə faizlərini cari ilin sonunadək tam ödədiyi halda mümkün olacaq. Müvafiq qanunvericilik paketi artıq parlamentə təqdim edilib. Parlament sədri Şalva Papuaşvili büro iclasında layihənin əsas müddəaları barədə məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər təxminən 13 500 işəgötürənə şamil olunacaq və ümumilikdə 43 milyon lari məbləğində amnistiya həyata keçiriləcək. Qanunvericilik dəyişiklikləri ilə pensiya ödənişləri üzrə cərimələrin məbləği də azaldılacaq. Belə ki, ilk və təkrar pozuntu halında hazırkı 500 və 1000 lari əvəzinə 300 lari cərimə tətbiq olunacaq. Bundan əlavə, Pensiya Fondunda mübahisələrə baxılması üzrə xidmət yaradılacaq. Papuaşvilinin sözlərinə görə, bu mexanizm məsələlərin məhkəməyə qədər həll edilməsinə imkan verəcək. Layihəyə əsasən, pensiya ödənişlərinin 18 aya qədər müddətdə mərhələli şəkildə həyata keçirilməsinə də imkan yaradılacaq. Cərimənin təqdim edilməsi və ondan şikayət verilməsi qaydaları da dəyişdiriləcək. Belə ki, pensiya ödənişi 10 gün ərzində həyata keçirilərsə, cərimə ləğv ediləcək. Cərimədən şikayət verildiyi halda isə onun icrası dayandırılacaq. Şalva Papuaşvili bildirib ki, əsas məqsəd işəgötürənlərin əməkdaşlarına zərər vurmamasını və onların pensiya yığımlarının vaxtında və tam şəkildə ödənilməsini təmin etməkdir. O qeyd edib ki, əsas borc və gecikmə faizləri ödənildiyi halda cərimənin müəyyən hissəsi silinəcək.

www.24news.ge