Haqqımızda Reklam
21 
Avq
2026
18:20
8
2
231

BMT Təhlükəsizlik Şurasında Rusiya-Gürcüstan münaqişəsi müzakirə olunub

BMT Təhlükəsizlik Şurası Rusiyanın Gürcüstan ərazilərini işğal etməsinin 18-ci ildönümü ilə əlaqədar Rusiya-Gürcüstan münaqişəsi və işğal olunmuş ərazilərdəki vəziyyəti müzakirə edib. 24News.ge xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, məsələ 20 avqust 2026-cı ildə Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirəyə çıxarılıb. İclas zamanı BMT baş katibinin Yaxın Şərq, Avropa, Amerika, Asiya və Okeaniya məsələləri üzrə köməkçisi Məhəmməd Xalid Xiyabi Təhlükəsizlik Şurasının üzvlərinə bölgədəki vəziyyət və Cenevrə beynəlxalq danışıqlar prosesi barədə yenilənmiş məlumat təqdim edib. İclasdan sonra BMT Təhlükəsizlik Şurasının üzv ölkələri – Böyük Britaniya, Fransa, Latviya, Danimarka və Yunanıstanın, həmçinin Şuranın gələcək üzvləri Avstriya və Portuqaliyanın nümayəndələri media qarşısında birgə bəyanatla çıxış ediblər. Bəyanatda Rusiyanın Gürcüstan ərazisinin Abxaziya və Sxinvali bölgələrinə qarşı hərbi təcavüzünün və sonrakı qanunsuz işğalının başlamasından 18 il keçdiyi vurğulanıb. Ölkələr Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləsinin onun qonşu ölkələrə qarşı daha aqressiv siyasətinin başlanğıcını göstərdiyini bildiriblər. Qeyd olunub ki, Rusiya bu siyasəti Ukraynaya qarşı “səbəbsiz və əsassız təcavüzü”, eləcə də qonşu ölkələrə qarşı məsuliyyətsiz və təhlükəli addımları ilə davam etdirir. Birgə bəyanatda Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə olunub. Bəyanat müəllifləri Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və ölkə ərazisində davam edən qanunsuz hərbi mövcudluğunu pisləyib, həmçinin Abxaziya və Sxinvali bölgələrinin ilhaqına yönəlmiş addımlardan narahatlıq ifadə ediblər. Bu çərçivədə Rusiya ilə Sxinvali işğal rejimi arasında 2026-cı il mayın 9-da imzalanmış qondarma “müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi” sazişi də tənqid olunub. Ölkələr Nauru Respublikasının “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası”nın müstəqil dövlətlər kimi tanınmasını geri götürmək qərarını alqışlayıb. Eyni zamanda, Gürcüstanın işğal olunmuş bölgələrinin qondarma müstəqilliyini tanıyan digər dövlətləri də Naurunun mövqeyini təkrarlamağa və Gürcüstanın suverenliyi ilə ərazi bütövlüyünə hörmət etməyə çağırıblar. Bəyanatda Rusiyanın işğal olunmuş ərazilərdə davam edən təxribatları, militarizasiya, qanunsuz hava, dəniz və dəmir yolu əlaqələrinin yaradılması, həmçinin təhlükəsizlik və insan hüquqlarının pozulması pislənib. Ölkələr beynəlxalq məhkəmələrin qərarlarını da xatırladaraq, Rusiyanın ərazilərdə effektiv nəzarəti həyata keçirən tərəf kimi insan hüquqlarının ağır şəkildə pozulmasına görə məsuliyyətini dəfələrlə təsdiqlədiyini qeyd ediblər. Bəyanatda həmçinin Rusiyanın 2008-ci il avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə olunub. Rusiya qoşunlarının hərbi əməliyyatların başlanmasından əvvəlki mövqelərə qaytarılması və beynəlxalq insan hüquqları monitorinq mexanizmlərinin işğal olunmuş ərazilərə maneəsiz girişinin təmin edilməsi tələb olunub. Birgə bəyanatda məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasının vacibliyi də vurğulanıb. Onların öz evlərinə təhlükəsiz, ləyaqətli və maneəsiz qayıtmaları üçün şərait yaradılmasının əhəmiyyəti qeyd olunub. Ölkələr Cenevrə beynəlxalq danışıqlar prosesinə sadiq qaldıqlarını bildirərək, Ergnetidə insidentlərin qarşısının alınması və onlara reaksiya mexanizmi çərçivəsində görüşlərin davam etdirilməsini dəstəkləyiblər. Eyni zamanda, Qalidə analoji görüşlərin dərhal bərpa olunmasına çağırış ediblər. Bəyanat iştirakçıları Rusiyanı 2008-ci il atəşkəs sazişi üzrə öhdəliklərini tam yerinə yetirməyə və qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa çağırıblar. Həmçinin Rusiyadan Abxaziya və Sxinvali bölgələrinin müstəqilliyinin tanınmasını geri götürmək, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasına mane olmamaq və beynəlxalq insan hüquqları müdafiə və humanitar təşkilatlarının hər iki bölgəyə girişinə icazə vermək tələb olunub. Sonda ölkələr Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

www.24news.ge