Haqqımızda Reklam
21 
Iyl
2026
11:03
7
0
226

Rusiyada yanacaq böhranı: ölkə üzrə 150-dən çox yanacaqdoldurma məntəqəsi satışa çıxarılıb

Rusiyada demək olar ki, bütün regionları əhatə edən yanacaq böhranı fonunda yanacaqdoldurma məntəqələrinin satışı başlayıb. 24News.ge xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb. Məlumata görə, son bir ay ərzində marketpleyslərdə, kommersiya daşınmaz əmlakı saytlarında və şirkətlərin korporativ portallarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin satışı ilə bağlı elan yerləşdirilib. Satışa həm özəl şəbəkələr, həm də Rusiyanın sərhəd bölgələrindən Volqaboyuna və Sibirə qədər fəaliyyət göstərən iri neft şirkətləri çıxarıb. Buna səbəb birjada benzin və dizel yanacağının qıtlığı, eləcə də yüksək qiymətlər səbəbindən gəlirliliyin kəskin azalması göstərilir. Nəşrin məlumatına görə, satışa çıxarılan yanacaqdoldurma məntəqələrinin qiyməti 1 milyon rubldan 150 milyon rubla (təxminən 12,8 min dollardan 1,9 milyon dollara qədər) dəyişir. Məsələn, Ufada 13 yanacaqdoldurma məntəqəsindən ibarət benzin, dizel və qaz şəbəkəsi 350 milyon rubla (təxminən 4,5 milyon dollar) satışa çıxarılıb. Bundan başqa, "Qazprom" Həştərxan, Rostov, Tambov və Nijni Novqorod vilayətlərində yerləşən yanacaqdoldurma məntəqələrini "qeyri-əsas aktivlər" kimi 940 min rubldan 13,4 milyon rubla (12 min dollardan 171 min dollara qədər) satır. Şirkətin məlumatına görə, bəzi məntəqələr 2022-ci ildən etibarən satışdadır. "LUKoil" şirkətinin internet səhifəsində isə Tver, Tümen, Çelyabinsk, Kaluqa vilayətləri və Perm diyarında yerləşən yanacaqdoldurma məntəqələrinin satışı ilə bağlı elanlar yer alıb. Həmçinin "Avito" marketpleysində şirkətin İvanovo şəhərindəki yanacaqdoldurma məntəqəsi 51,5 milyon rubla (657 573 dollar) satışa çıxarılıb. Nəşr qeyd edir ki, Rusiyanın neft emalı zavodlarına Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində yaranan yanacaq böhranı uzun müddət davam edə bilər. İyulun əvvəlində Rusiyanın "Kommersant" qəzeti neft sənayesindəki mənbəyə istinadən yazmışdı ki, zədələnmiş neft emalı zavodları yaxın ayda istehsal gücünü artıra bilməyəcək və iyul ayında neft emalının həcmi ən yaxşı halda iyun səviyyəsində qalacaq. Bu isə yalnız zavodlara yeni hücumlar baş verməyəcəyi təqdirdə mümkün olacaq. EA Analytics şirkətinin məlumatına görə, iyul ayında Rusiyada neft emalının həcmi 2005-ci ildən bəri ən aşağı səviyyəyə enib. Reuters agentliyinin məlumatına əsasən, ayın ikinci həftəsində benzin istehsalı 35 faiz azalaraq sutkada 75–80 min tona düşüb. Halbuki yay mövsümündə ölkədaxili gündəlik tələbat adətən 115–120 min ton təşkil edir. Məlumat üçün bildirək ki, ilin əvvəlində Rusiyada 27 700 fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi olub. Onlardan təxminən 19 800-ü müstəqil operatorlara məxsusdur.

www.24news.ge