Haqqımızda Reklam
10 
Iyl
2026
22:39
9
0
522

4 oktyabr işi üzrə axtarışda olan şəxs Gürcüstan–Ermənistan sərhədində saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, 2025-ci il 4 oktyabr hadisələri ilə bağlı axtarışda olan Gürcüstan vətəndaşı Gürcüstan–Ermənistan sərhəd-keçid məntəqələri arasındakı neytral zonada saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə DTX rəisinin müavini Laşa Mağradze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxsə 2025-ci il 4 oktyabr tarixində təşkil olunmuş kütləvi iğtişaşlar və Prezident Sarayının ələ keçirilməsinə cəhdlə paralel olaraq diversiya aktları törətmək məqsədilə külli miqdarda odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edib saxlamaq ittihamı irəli sürülür. Mağradze bildirib ki, saxlanılma əməliyyatı son dörd gün ərzində DTX-nin müxtəlif struktur bölmələrinin iştirakı ilə hazırlanan xüsusi tədbirlər nəticəsində həyata keçirilib. DTX rəsmisinin sözlərinə görə, istintaq müəyyən edib ki, saxlanılan şəxs Ukraynada fəaliyyət göstərən hərbi bölmələrdən birində xidmət edən Gürcüstan vətəndaşının göstərişi ilə silah və sursat əldə edib. İddialara əsasən, həmin silahlar və partlayıcı maddələr zərurət yaranacağı təqdirdə 4 oktyabr hadisələrinin təşkilatçıları tərəfindən diversiya məqsədilə istifadə olunmalı idi. Qeyd olunub ki, 2025-ci ilin 4 oktyabrında DTX əməkdaşları Tbilisi yaxınlığındakı meşə massivində yerləşən gizli sığınacaqdan odlu silahlar, döyüş sursatı, detonatorlu partlayıcı maddələr aşkarlayıb. Həmçinin təhlükəsizlik orqanlarının keçirdiyi preventiv tədbirlər nəticəsində həmin silah və partlayıcıları Tbilisinin mərkəzinə aparmalı olduqları iddia edilən şəxslər də zərərsizləşdirilib. Məlumata görə, saxlanılan şəxsə 2025-ci il 6 oktyabrda Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə qiyabi ittiham irəli sürülüb. Ertəsi gün Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, 8 oktyabrda isə prokurorun qərarı ilə beynəlxalq axtarış elan olunub. DTX əlavə edib ki, istintaq hazırda diversiya aktına hazırlıq və dövlət sərhədini qanunsuz keçməyə hazırlıq əlamətləri üzrə əlavə sübutların toplanmasını davam etdirir. Bundan başqa, istintaq saxlanılan şəxsin və ona cinayət xarakterli tapşırıqlar verdiyi iddia olunan şəxslərin Baço Axalaya, Paata Burçuladze və 2025-ci il 4 oktyabr hadisələrinin təşkilində iştirak etdiyi iddia edilən digər şəxslərlə mümkün əlaqələrini də araşdırır. Qeyd edək ki, İmedinin məlumatına görə, DTX tərəfindən saxlanılan şəxs Beka Çuluxadzedir.

www.24news.ge