Haqqımızda Reklam
10 
Iyl
2026
14:06
2
1
141

Marneulidə “Dövlət Aqrobirgəmaliyyələşdirmə Proqramı” ilə bağlı məlumatlandırıcı görüş keçirilib (FOTO)

Marneulidə “Dövlət Aqrobirgəmaliyyələşdirmə Proqramı” ilə bağlı sahibkar və fermerlər üçün məlumatlandırıcı görüş keçirilib. 24News.ge xəbər verir ki, görüşdə Kənd İnkişaf Agentliyinin nümayəndələri proqramın şərtləri, iştirak meyarları və təqdim etdiyi maliyyə imkanları barədə ətraflı məlumat veriblər. Tədbirdə Marneuli meri Daur İsmayılov, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini İoseb Alibeqaşvili, Gürcüstan Parlamentində Marneuli və Qardabani üzrə deputatı Zaur Darğallı, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze və Kənd İnkişaf Agentliyinin direktoru Zurab Qozalişvili iştirak ediblər. Bildirilib ki, proqram çərçivəsində ilkin kənd təsərrüfatı istehsalı, emal və saxlama müəssisələrinin, həmçinin sallaqxanaların yaradılması dövlət tərəfindən birgə maliyyələşdirilir. Eyni zamanda əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün güzəştli aqrokreditlər də təqdim olunur. Proqramdan qeydiyyatdan keçmiş fərdi sahibkarlar və hüquqi şəxslər yararlana bilərlər. Agentliyin birgə maliyyələşdirməsinin ümumi həcmi 2 milyon laridən çox ola bilməz. Südçülük təsərrüfatlarının yaradılması ilə bağlı layihələr üçün isə xüsusi güzəştlər nəzərdə tutulub. Bu istiqamətdə layihənin dəyərinin 50 faizinə, kənd təsərrüfatı kooperativləri, işğal xəttinə yaxın kəndlər və yüksək dağlıq yaşayış məntəqələri üçün isə 55 faizinə qədər dövlət dəstəyi göstərilir. Qeyd olunub ki, proqramda iştirak etmək istəyən şəxslər əvvəlcə fermer təsərrüfatları və kənd yerlərində fəaliyyət göstərən müəssisələrin reyestrində qeydiyyatdan keçməlidirlər. Müraciətlər Kənd İnkişaf Agentliyinin rəsmi internet səhifəsi vasitəsilə elektron qaydada qəbul edilir.

www.24news.ge