Haqqımızda Reklam
11 
Iyn
2026
00:47
2
0
71

Jorjoliani Saakaşvilinin təklifinə cavab verib: “Bu təklif böyük dəyişikliklər üçün fürsət yarada bilər”

Jurnalist Nanuka Jorjoliani Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili tərəfindən “Vahid Milli Hərəkat” partiyasının islahat prosesinə qoşulması ilə bağlı səsləndirilən təklifə münasibət bildirib. 24News.ge xəbər verir ki, Jorjoliani sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, təklif maraqlıdır və böyük dəyişikliklər üçün imkan yarada bilər. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar gedir və proseslə bağlı daha ətraflı məlumat sonradan açıqlanacaq: “Çağırışın asan olmayacağını anlayıram, lakin hesab edirəm ki, bu, böyük dəyişikliklər üçün bir şansdır. Hazırda düşünmə, görüşlər keçirmə və müxtəlif fikirləri dinləmə mərhələsindəyik”, – deyə jurnalist bildirib. Jorjolianinin fikrincə, partiyada inqilabi dəyişikliklər həyata keçirilməli, əsas gücə isə gənclər çevrilməlidir. O, regionlarda fəaliyyətin gücləndirilməsinin, təbliğata qarşı mübarizənin, yeni ictimai maraqların formalaşdırılmasının və siyasi qarşıdurmalardan real işə keçidin vacibliyini vurğulayıb. Jurnalist hesab edir ki, partiya yeni simalara və gənclərə daha çox etimad göstərməli, ölkənin inkişafı üçün yeni gündəmi məhz onlar formalaşdırmalıdır: “Vaxtilə partiya Saakaşviliyə etimad göstərərək ölkənin idarəçiliyini ona həvalə etmişdi. İndi də gənclərə güvənməyin vaxtıdır. Məhz onlar yeni gündəmi müəyyənləşdirməlidirlər”, – deyə o qeyd edib. Jorjoliani həmçinin Saakaşvilinin dəyişikliklərə hazır olduğunu açıq şəkildə bəyan etməsini və gənc nəslin baxışlarına etimad göstərməsini yüksək qiymətləndirdiyini bildirib. Qeyd edək ki, Saakaşvili daha əvvəl “Vahid Milli Hərəkat”da böyük islahatların aparılacağını açıqlayaraq, Nanuka Jorjoliani və onun komandasının partiyanın yenilənməsi prosesinə qoşulacağını bəyan etmişdi. Keçmiş prezident hesab edir ki, partiya daha geniş ictimai təbəqələri əhatə edən xalq hərəkatına çevrilməli və liderlərin həbsdə olduğu şəraitdə fundamental yenilənməyə ehtiyac duyur. O, Jorjolianiyə bu prosesin həyata keçirilməsi üçün tam etimad və səlahiyyət verdiyini bildirib.

www.24news.ge