Haqqımızda Reklam
10 
Iyn
2026
11:15
24
2
1093

TƏCİLİ: Xüsusi əməliyyat keçirilib, 119 nəfər saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyi son 48 saat ərzində Tbilisi və regionlarda həyata keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində narkotik cinayətləri ilə əlaqədar 119 nəfərin saxlanıldığını açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə Vaja Siradze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlardan 49-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinir. Həbs olunanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Polis əməkdaşları saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı, eləcə də onların göstərdikləri ünvanlardan xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlayıb. Müsadirə olunan maddələr arasında heroin, kokain, alfa-PVP, metadon, mefedron, buprenorfin və digər narkotik vasitələr yer alıb. İstintaq tədbirləri çərçivəsində narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar, narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri, həmçinin çoxlu sayda odlu silah və döyüş sursatı da götürülüb. Məlumata görə, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı saxlanılan şəxslərdən məhkəmə qərarı əsasında bir neçə dəfə nəzarətli alış həyata keçirilib və həmin əməliyyatlar gizli audio-video çəkilişlə qeydə alınıb. Toplanmış sübutlar saxlanılan şəxslərin narkotik vasitələri mütəmadi olaraq müəyyən məbləğ qarşılığında vətəndaşlara satdıqlarını göstərir. Faktlarla bağlı Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah saxlama ilə bağlı istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyi bəyan edib ki, ölkə üzrə polis bölmələri mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotik cinayətlərinə qarşı mübarizəni fasiləsiz və kompromissiz şəkildə davam etdirəcək.

www.24news.ge