Haqqımızda Reklam
13 
Nybr
2026
21:47
3
1
362

Gürcüstana “Zolotaya Korona” vasitəsilə pul köçürmələri bərpa olunub

Rusiyadan Gürcüstana “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələri yenidən əlçatan olub. 24News.ge xəbər verir ki, bu barədə Rusiyanın RBC nəşri məlumat yayıb. Məlumata görə, pul köçürməsi zamanı sistem istifadəçilərə Gürcüstanda fəaliyyət göstərən iri maliyyə institutlarının filiallarında vəsaitin nağd şəkildə əldə edilməsinin mərhələli olaraq mümkün olacağı barədə xəbərdarlıq edir. Xatırladaq ki, iyulun sonunda Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar səbəbindən “Zolotaya Korona” Gürcüstan və bir sıra digər ölkələrə, o cümlədən Qazaxıstana pul köçürmələrini dayandırmışdı. Həmin vaxt Rusiyadan pul göndərmək üçün yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan əlçatan idi. Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində 94 Rusiya bankının əməliyyatlarına qadağa qoyulmuş, məhdudiyyətlər “Zolotaya Korona”nın keçmiş operatoru və hesablaşma mərkəzi olan RNKO Payment Center-ə də şamil edilmişdi. Buna baxmayaraq, sentyabrın sonunadək sistem pul köçürmə imkanlarını genişləndirərək Özbəkistan, Türkiyə, Qırğızıstan, Çin və Azərbaycana pul göndərilməsini bərpa edib. Qazaxıstanda isə köçürmələr sistemin tərəfdaşı vasitəsilə yenidən mümkün olub. Rusiyanın “Genesis” hüquq şirkətinin qiymətləndirməsinə görə, bəzi ölkələrin sistemə yenidən qoşulması sanksiyaların bütövlükdə şirkətə deyil, məhz RNKO Payment Center-ə tətbiq edilməsi ilə bağlıdır. Şirkət alternativ hüquqi və hesablaşma şəbəkələri vasitəsilə xidmətlərini tədricən bərpa edir.

www.24news.ge