Haqqımızda Reklam
21 
Okt
2026
20:37
3
3
263

Müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı məhkəmə prosesi davam edəcək

Gürcüstan Konstitusiya Məhkəməsində beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı hakimiyyət komandasının qaldırdığı iddianın müzakirəsi oktyabrın 22-də saat 12:00-da davam etdiriləcək. 24News.ge xəbər verir ki, Konstitusiya Məhkəməsi müxalifət partiyalarının nümayəndələri tərəfindən irəli sürülən vəsatətlərin heç birini təmin etməyib. Məhkəmənin sədri Revaz Nadaraianın sözlərinə görə, proses hələ də vəsatətlərin müzakirəsi mərhələsindədir. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət plenumu baxır. Məlumata görə, iddia ərizəsini Gürcüstan parlamentinin 88 deputatı imzalayıb. İddia əsasında aşağıdakı beş siyasi birliyin konstitusiyaya zidd elan edilməsi və onların siyasi fəaliyyətinin qadağan olunması məsələsinə baxılır: “Birlik – Milli Hərəkat”; “Dəyişikliklər üçün Koalisiya”; “Güclü Gürcüstan – Lelo”; “Federalistlər Partiyası”; “Gürcüstan naminə Qaxaria” partiyası. İddia müəlliflərinin bildirdiyinə görə, adıçəkilən siyasi birliklər 2016-cı ildən etibarən Gürcüstanın hazırkı hakimiyyətinin və hakim partiyanın həm daxili, həm də xarici siyasət sahəsində legitimliyini davamlı şəkildə şübhə altına alırlar. İddia ərizəsində qeyd olunur ki, bu partiyaların fəaliyyəti Gürcüstanın konstitusiya quruluşunu devirməyə və zorakılıq yolu ilə dəyişdirməyə, ölkənin müstəqilliyinə xələl gətirməyə və ərazi bütövlüyünü pozmağa yönəlib. Bu səbəbdən iddia müəllifləri həmin partiyaların konstitusiyaya zidd elan edilməsini və siyasi fəaliyyətlərinin qadağan olunmasını tələb edirlər. Partiyaların qadağan edilməsi ilə bağlı arqumentlərdən biri də onların illər ərzində seçkilər yolu ilə formalaşan dövlət orqanlarında, ölkədəki siyasi proseslərdə və iddiada göstərilən hərəkətlərdə, o cümlədən Gürcüstan dövlətinə qarşı təxribat fəaliyyətində oxşar mövqe nümayiş etdirmələri ilə bağlıdır. İddia müəllifləri hesab edirlər ki, bu beş partiya ortaq məqsədlər ətrafında birləşən koalisiya kimi fəaliyyət göstərib və hazırda da eyni istiqamətdə hərəkət edir. Konstitusiya iddiasına Gürcüstan parlamentinin XI çağırışında yaradılmış müvəqqəti istintaq komissiyasının rəyi də əlavə olunub. Qeyd edək ki, iş üzrə mahiyyəti üzrə məhkəmə baxışının oktyabrın 21-i, 22-si və 23-də keçirilməsi nəzərdə tutulub.

www.24news.ge