Haqqımızda Reklam
17 
Sen
2026
21:32
6
5
441

ATƏT-də Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət müzakirə olunub

ATƏT-in Daimi Şurasının iclasında 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı müzakirə keçirilib. 24News.ge xəbər verir ki, iclasda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia çıxış edib. O, 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlardan danışaraq, Abxaziya və Tsxinvali bölgələrində mövcud vəziyyətə diqqət çəkib. Darsalianın sözlərinə görə, Rusiya 2008-ci il avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirmir, Gürcüstan ərazisindən qüvvələrini çıxarmır və məcburi köçkünlər və qaçqınların təhlükəsiz və ləyaqətli qayıdışı məsələsində öhdəliklərini icra etmir. Nazir müavini həmçinin işğal olunmuş ərazilərdə qanunsuz saxlanılma, ölüm halları, ayrı-seçkilik və sərbəst hərəkətə məhdudiyyətlər də daxil olmaqla, insan hüquqları və humanitar vəziyyətlə bağlı problemlərdən danışıb. Darsalia Rusiyanın Abxaziya və Tsxinvali bölgələrində hərbi mövcudluğu, eləcə də bu ərazilərin Rusiyanın siyasi, hərbi və hüquqi sistemlərinə inteqrasiyası ilə bağlı təhlükəsizlik məsələlərinə də toxunub. O, 2026-cı il mayın 9-da Rusiya ilə Tsxinvali rejimi arasında imzalanmış “müttəfiq əməkdaşlığın dərinləşdirilməsi haqqında” sazişin Gürcüstan tərəfinin qiymətləndirməsinə görə, Moskvanın bölgədə inzibati nəzarətinin institusional xarakter almasına şərait yaratdığını bildirib. Darsalia Gürcüstanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını və bölünmüş cəmiyyətlər arasında dialoq və etimadın bərpasına yönəlmiş addımların davam etdirildiyini vurğulayıb. Nazir müavini Cenevrə Beynəlxalq Müzakirələrini də xüsusi qeyd edib. Onun sözlərinə görə, bu format Gürcüstan və Rusiya arasında beynəlxalq aktorların iştirakı ilə 2008-ci il atəşkəs razılaşmasının icrası və məcburi köçkünlərin və qaçqınların geri qayıtması məsələlərinin müzakirə olunduğu əsas platformadır. İclasda Avropa İttifaqı, ABŞ, Kanada və Türkiyənin nümayəndələri Gürcüstana dəstək ifadə edən bəyanatlarla çıxış ediblər. Qeyd edək ki, Gürcüstanın Avropa Şurasındakı nümayəndəliyi də sentyabrın 9-da 2008-ci il müharibəsinin 18-ci ildönümü ilə əlaqədar işğal olunmuş ərazilərdə insan hüquqları və təhlükəsizlik vəziyyəti barədə məlumat yayıb və Cenevrə Beynəlxalq Müzakirələrinin əhəmiyyətini vurğulayıb.

www.24news.ge