Haqqımızda Reklam
17 
Sen
2026
16:58
2
3
833

Gürcüstana aviasiya yanacağını gətirən şirkətlər və şirkət sahibləri məlum olub

2026-cı ilin yanvar-iyul aylarında Gürcüstanda aviasiya yanacağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. 24News.ge xəbər verir ki, Milli Statistika Xidmətinin “BusinessPressNews”a təqdim etdiyi məlumatlara əsasən, hesabat dövründə ölkəyə 146 965 ton aviasiya yanacağı idxal olunub. Məhsulun ümumi dəyəri 158,53 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında isə Gürcüstana 125 683 ton aviasiya yanacağı gətirilib və idxalın dəyəri 100,229 milyon dollar olub. Beləliklə, bir il ərzində idxalın həcmi 17 faiz, dəyəri isə 58,2 faiz artıb. 2026-cı ilin ilk yeddi ayında aviasiya yanacağının əsas idxalçısı Türkiyə olub. İdxalın ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Türkiyə – 93 189 ton, 106,670 milyon dollar; Yunanıstan – 29 247 ton, 24,005 milyon dollar; Rumıniya – 14 047 ton, 14,549 milyon dollar; Türkmənistan – 10 046 ton, 12,918 milyon dollar; Azərbaycan – 434,4 ton, 386,3 min dollar. Məlumata görə, ötən ildən fərqli olaraq 2026-cı ildə Gürcüstana aviasiya yanacağı Rusiya, Misir, İsrail və Maltadan idxal edilməyib. Bu il isə Azərbaycan idxalçı ölkələr siyahısına əlavə olunub. Aviasiya yanacağını hansı şirkətlər idxal edir? “BusinessPressNews”un “Sakstat” məlumatlarına əsaslanan araşdırmasına görə, 2026-cı ilin yanvar-iyul aylarında Gürcüstana aviasiya yanacağı idxal edən şirkətlər bunlardır: “ATF” MMC “Petrocas Fuel Services Georgia” MMC “Georgian Airways” MMC “Georgian Petroleum” MMC Araşdırmaya əsasən, “ATF” MMC 2021-ci ildə qeydiyyatdan keçib. Şirkətin 50 faizi “İber İnvest” MMC-yə, 17 faizi Aleksandre Çikaidzeyə, 17 faizi Tornike Kortoşidzeyə, 16 faizi isə Zaur Kortoşidzeyə məxsusdur. Aleksandre Çikaidze 2013–2015-ci illərdə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb. “Petrocas Fuel Services Georgia” MMC 2017-ci ildə qeydiyyatdan keçib. Şirkətin sahibi “GJQ” MMC-dir. Sonuncu isə Kiprdə qeydiyyatdan keçmiş “Petrocas Fuel Services” şirkətinə məxsusdur. “Georgian Airways” Gürcüstan bazarında 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin 80 faizi David Qaişviliyə, 20 faizi isə “Georgian Air Service” MMC-yə məxsusdur. “Georgian Air Service” isə “Airzena” şirkətinin mülkiyyətindədir və onun sahibi Tamaz Qaişvilidir. “Georgian Petroleum” MMC 2001-ci ildə qeydiyyatdan keçib. Şirkətin 50 faizi Seyşel adalarında qeydiyyatdan keçmiş “Akert Group S.E.”, 25 faizi Marşal adalarında qeydiyyatdan keçmiş “Gateline Projects Limited”, digər 25 faizi isə “Frenfield Georgia” MMC-yə məxsusdur. “Frenfield Georgia” isə öz növbəsində Virciniya adalarında qeydiyyatdan keçmiş “Frenfield Holdings” şirkətinin mülkiyyətindədir.

www.24news.ge