Haqqımızda Reklam
14 
Sen
2026
13:11
2
1
192

Cuanşer Burçuladze üzrə yeni qərar: 10 illik həbs cəzası dəyişdirildi

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze, onun həyat yoldaşının qardaşı Vasil Mxeidze və Burçuladzenin keçmiş müavini Giorgi Xaindrava ilə bağlı Tbilisi Apellyasiya Məhkəməsində prosessual razılaşma təsdiqlənib. 24News.ge xəbər verir ki, razılaşmaya əsasən, Vasil Mxeidze və Giorgi Xaindrava sentyabrın sonunda penitensiar müəssisəni tərk edəcəklər. Cuanşer Burçuladze isə həbsxanadan iki il sonra azadlığa çıxacaq. Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarı kimi Burçuladzeni vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli bilib. Vasil Mxeidze külli miqdarda vəsaitin mənimsənilməsinə yardım etmək və təsirlə ticarət etməkdə, Giorgi Xaindrava isə külli miqdarda vəsaitin mənimsənilməsində təqsirli bilinib. Prosessual razılaşmaya əsasən, Cuanşer Burçuladze 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın 3 ilini penitensiar müəssisədə çəkəcək, 2 il isə şərti hesab olunacaq. Bundan əlavə, ona 1 milyon lari məbləğində cərimə tətbiq edilib və müxtəlif əmlakı dövlətin xeyrinə əvəzsiz müsadirə olunub. Vasil Mxeidze 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın 1 il 2 ayını həbsdə keçirəcək, 3 il isə şərti hesab olunacaq. Mxeidzeyə həmçinin 100 min lari cərimə tətbiq edilib. Dövlətin xeyrinə müsadirə ediləcək əmlaklar arasında bir neçə milyon lari dəyərində aksizsiz siqaret, onların hazırlanması üçün materiallar və tütün də var. Giorgi Xaindrava da 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 2 ay həbsdə qalacaq, 3 il isə şərti hesab olunacaq. Bundan əlavə, ona 100 min lari cərimə kəsilib. Məhkəmə kollegiyası tərəflər arasında əldə olunan prosessual razılaşmanı hakim Paata Silagadzenin sədrliyi ilə təsdiqləyib. Razılaşmanın bağlanmasına Burçuladze və Mxeidzenin cinayəti etiraf etməsi və istintaqla əməkdaşlıq etməsi əsas olub. Onların keçmiş baş nazir İrakli Qaribaşvili barəsində aparılan yeni cinayət işi üzrə istintaqa ifadə verdikləri bildirilir. Burçuladzenin ifadəsinə görə, o, rüşvət kimi aldığı 1,5 milyon larinin 750 min larisini özü saxlayıb, digər 750 min larini isə rüşvət olaraq İrakli Qaribaşviliyə verib. Qeyd edək ki, birinci instansiya məhkəməsinin qərarı ilə Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin qərara əsasən, İspaniyada yerləşən torpaq sahəsi və üzərindəki ev, həmçinin Tsqnetidə yerləşən ev və avtomobil dayanacağı dövlət tərəfindən müsadirə edilməli, ona 2 il müddətinə vəzifə tutmaq qadağan edilməli idi. Vasil Mxeidze və Giorgi Xaindrava isə birinci instansiya məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bundan əvvəl Burçuladze və Mxeidze xüsusilə külli miqdarda rüşvətin qabaqcadan razılaşmış qrup tərəfindən alınması və rüşvət almağa yardım göstərilməsi işi üzrə də prosessual razılaşma əldə etmişdilər. Yeni təyin olunan cəzalar Tbilisi Şəhər Məhkəməsinin əvvəlki cəzalarını əvəz edib və nəticədə üç məhkum barəsində Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalıb.

www.24news.ge