Haqqımızda Reklam
04 
Avq
2026
23:31
4
1
115

Tbilisi Cümə məscidində Ərbəin mərasimi keçirilib (FOTO)

Tbilisi şəhərində yerləşən Cümə məscidində Ərbəin mərasimi keçirilib. 24News.ge xəbər verir ki, mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din xadimləri, ruhanilər və yerli müsəlman icmasının nümayəndələri iştirak ediblər. Tədbir Vidadi Qurbanovun Qurani-Kərimdən ayələr tilavəti ilə başlayıb. Ardınca Vüqar Fətiyev məclisi açıq elan edib. İlk çıxış edən BGMİ Şeyxi Hacı Faiq Nəbiyev Ərbəin gününün mənəvi əhəmiyyətindən və İslam aləmindəki vəhdət rolundan bəhs edib. O, İmam Hüseynin haqq və ədalət uğrunda mübarizəsinin bəşəriyyət üçün mühüm örnək olduğunu vurğulayıb. Daha sonra İmam Hüseyn məscidinin axundu Əziz Nəbiyev çıxış edərək Kərbəla məktəbinin mənəvi və əxlaqi dəyərlərindən danışıb. Şərqi Gürcüstan müftisi Etibar Eminov isə çıxışında birlik və qardaşlığın əhəmiyyətini qeyd edib, bu cür dini günlərin müsəlman icmasını bir araya gətirdiyini bildirib. Mərasim zamanı Əli Nəqiyev, Şirxan Xıdırov, Nicat Musayev və Veysəl Paşayev tərəfindən mərsiyələr səsləndirilib. Tədbir dualarla yekunlaşıb, iştirakçılara ehsan süfrəsi təqdim olunub.

www.24news.ge