Haqqımızda Reklam
03 
Avq
2026
17:20
9
22
912

Marneulinin 12 illik inkişaf planı ictimaiyyətə təqdim edildi

Marneuli bələdiyyəsinin 2026–2037-ci illəri əhatə edən uzunmüddətli inkişaf strategiyasının layihəsi ictimaiyyətə təqdim olunub. 24News.ge xəbər verir ki, 3 avqust tarixində keçirilən müzakirədə sənədin əsas istiqamətləri Marneuli meri Daur İsmailov və merin birinci müavini Giorgi Qodabrelidze tərəfindən yerli sakinlərə təqdim edilib. Təqdimat zamanı əsas diqqət infrastrukturun inkişafı, kənd təsərrüfatı, turizm, sosial xidmətlər və bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi məsələlərinə yönəldilib. Xüsusilə İmir kəndində yerləşən “Kəsik təpə" arxeoloji ərazisinin turizm potensialından istifadə imkanları vurğulanıb. Bildirilib ki, Strategiyanın əsas prioritetləri sırasında yol infrastrukturunun yenilənməsi, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, kənd təsərrüfatının və yerli biznesin dəstəklənməsi, turizmin inkişafı, sosial proqramların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrinə dəstək, eləcə də rəqəmsal idarəetmə və vətəndaş iştirakının artırılması yer alır. Görüş sual-cavab formatında davam edib. Sakinlər ictimai nəqliyyat, suvarma kanallarının vəziyyəti, gənclər siyasəti, eləcə də əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış mühitlə bağlı suallar ünvanlayıblar. Marneuli meri Daur İsmayılov bildirib ki, həyata keçirilən infrastruktur layihələrində əlilliyi olan şəxslər üçün uyğunluq standartlarına riayət olunur. Müzakirədə Kvemo Kartli üzrə dövlət nümayəndəsi İlia Calaqaniya və Gürcüstan parlamentinin üzvü Zaur Darğallı da iştirak ediblər. Onlar strategiyanın bələdiyyənin gələcək inkişafı üçün mühüm sənəd olduğunu qeyd ediblər. Qeyd olunub ki, ictimai müzakirələrdən sonra daxil olan təkliflər nəzərdən keçiriləcək və sənəd son təsdiq üçün Marneuli Bələdiyyə Şurasına təqdim olunacaq.

www.24news.ge