Haqqımızda Reklam
15 
Iyn
2026
12:40
7
0
156

Birinci sinfə ümumi qeydiyyat başlayıb

Birinci sinfə qəbul üçün ümumi qeydiyyat bu gün saat 09:00-dan etibarən başlayıb və 3 iyul tarixinədək davam edəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Təhsil, Elm və Gənclər Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, qeydiyyat Təhsilin İdarəolunması İnformasiya Sisteminin rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir. Uşağın sistemdə qeydiyyatını valideyn və ya qanuni nümayəndə aparmalıdır. Elektron qaydada qeydiyyatdan keçən şagirdlərin məktəbə qəbul olunması üçün tələb olunan sənədlər 6–17 iyul 2026-cı il tarixlərində təqdim edilməlidir. Müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyi təqdirdə qeydiyyat avtomatik olaraq ləğv ediləcək. Birinci sinfə qəbul üçün aşağıdakı sənədlər tələb olunur: Qanuni nümayəndənin ərizəsi (yaşayış ünvanı və əlaqə nömrəsi göstərilməklə); Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti; Gürcüstanda yaşayış icazəsini təsdiq edən sənədin surəti (mövcud olduğu halda); Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti; Xarici dildə təqdim olunan bütün sənədlərin gürcü dilinə qanunvericiliyə uyğun qaydada təsdiqlənmiş tərcüməsi. Qeyd edək ki, məktəb yaşına dair “Ümumi Təhsil haqqında” Gürcüstan qanununa dəyişiklik edilib. Yeni qaydalara əsasən, 2026–2027-ci tədris ilində 31 dekabr tarixinədək 6 yaşı tamam olan uşaqlar birinci sinfə qeydiyyatdan keçə biləcəklər.

www.24news.ge