Haqqımızda Reklam
11 
Iyn
2026
13:45
2
2
196

Gürcüstan, ABŞ və Polşa hüquq-mühafizə orqanları birlikdə beynəlxalq əməliyyat keçirib

Kibercinayət və kriptovalyutanın leqallaşdırılması (yuyulması) ittihamları ilə təşkilatlanmış cinayətkar qrup və iki xarici ölkə vətəndaşı saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq Departamentinin rəis müavini Beka Kvitsiani brifinqdə məlumat verib. Brifinqdə Gürcüstan Prokurorluğu, ABŞ Xüsusi Xidməti və Polşanın Kibercinayətlə Mübarizə Mərkəzi Bürosunun nümayəndələri iştirak edib. Məlumata görə, saxlanılan şəxslər yüz milyonlarla ABŞ dolları dəyərində kriptovalyutanın yuyulmasında iştirak ediblər. Araşdırma çərçivəsində “Dark2Web” adlı kibercinayət forumunun da idarə olunduğu müəyyən edilib. Bu platforma qeyri-qanuni xidmətlərin reklamı və dünya üzrə kibercinayətkarların əlaqələndirilməsi üçün istifadə olunub. Rəsmi açıqlamaya əsasən, genişmiqyaslı əməliyyat Gürcüstan Prokurorluğu, Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən ABŞ və Polşa hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilib. Əməliyyat Avropa İttifaqının Eurojust və Europol qurumlarının dəstəyi ilə koordinasiya olunub. Ümumilikdə 100-ə yaxın hüquq-mühafizə əməkdaşı Gürcüstan ərazisində onlarla müxtəlif ünvanda əməliyyat keçirib. Axtarışlar zamanı elektron sübutlar və sənədlər götürülüb, həmçinin 173 nəqliyyat vasitəsi, daşınmaz əmlak və bank hesablarındakı vəsaitlərə həbs qoyulub. İstintaqın məlumatına görə, “AudiA6” adlı cinayət qrupu 2022-ci ildən fəaliyyət göstərərək kibercinayətkarların əldə etdiyi kriptovalyutanın izinin itirilməsini və yuyulmasını təmin edib. Qrup bu xidmətlərdən böyük maliyyə gəlirləri əldə edib və 2022–2025-ci illər ərzində yüz milyonlarla dolların leqallaşdırıldığı bildirilir.

www.24news.ge