Haqqımızda Reklam
27 
Okt
2026
15:52
2
1
909

“Lilo Mall”ın 15 şərikindən 13-ü siyasi ianəçidir

“Lilo” bazarının piştaxtalarında tək ticarət aparılmır. Əsl milyonlar “Lilo Mall”ın sahibləri hakimiyyətlə sövdələşəndə dövr edir. 24News.ge xəbər verir ki, bu barədə “Transparency International – Georgia” məlumat yayıb. Təşkilatın bildirdiyinə görə, onlar siyasi partiyaların hesablarına ümumilikdə 3,88 milyon lari köçürüblər. Açıqlamada qeyd olunur ki, bu vəsaitlərin kimə yönəldilməsi ilə bağlı qayda dəyişməyib: həmin dövrdə hakimiyyətdə olan siyasi qüvvə maliyyə dəstəyi alır. Məlumata əsasən, 2012-ci ildə iş adamları “Vahid Milli Hərəkat” partiyasına 120 000 lari ianə ediblər. 2017–2026-cı illərdə isə “Gürcü Arzusu”na 3 512 000 lari, partiyanın namizədi Salome Zurabişviliyə isə 240 000 lari köçürüblər. Təşkilatın iddiasına görə, siyasi ianələrlə yanaşı, bazarın sahibləri ilə əlaqəli şirkətlər dövlət büdcəsindən 50 milyon laridən çox vəsait əldə ediblər. Belə ki, iri siyasi ianəçilərdən biri olan Vaja Usanetaşvilinin “Arsakidze 2000” şirkəti 49 milyon lari dəyərində 108 tenderin və 387 000 lari məbləğində birbaşa satınalmaların qalibi olub. Məlumatda bildirilir ki, 2026-cı il iyulun 13-də şirkətin “Gürcü Arzusu”na 60 000 lari ianə etdiyi gün İsanı rayon administrasiyası ilə 712 000 lari dəyərində müqavilə bağlanıb. Həmin ilin iyul ayı ərzində şirkət ümumilikdə 1,4 milyon lari dəyərində tenderlər qazanıb. “Lilo Mall”ın özü də dövlət satınalmaları vasitəsilə 158 000 lari əldə edib. Bunun 150 000 larisi 2026-cı ilin yanvarında “Gürcüstan Poçtu” tərəfindən əraziyə yük maşınlarının daxil olması və yüklərin boşaldılıb-yenidən yüklənməsi xidmətləri üçün ödənilib. Təşkilatın məlumatına görə, digər şəriklər – Giorgi Qagua, Davit Qavaşeli və İlia Badriaşvili ilə əlaqəli şirkətlər də dövlət tenderləri və sadələşdirilmiş satınalmalar çərçivəsində müvafiq olaraq 308 716 lari, 286 691 lari və 12 489 lari dəyərində müqavilələr əldə ediblər. “Transparency International – Georgia” hesab edir ki, Gürcüstanda iri biznesin uğuru və əldə etdiyi imtiyazlar sərbəst rəqabətə deyil, hakim partiyanın hesablarına köçürülən milyonlarla larilik ianələrə əsaslanır.

www.24news.ge