Haqqımızda Reklam
26 
Okt
2026
12:02
17
4
789

Dövlətə məxsus torpaq sahələrini qanunsuz ələ keçirməkdə 13 nəfər ittiham olunub

Dövlətə məxsus torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı dörd ayrı cinayət işi üzrə 13 nəfərə ittiham irəli sürülüb. 24News.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində torpaq sahələrinin qanunsuz mənimsənilməsi faktları aşkarlanıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslərin qanunsuz olaraq ələ keçirdikləri torpaq sahələrinin ümumi sahəsi 11 929 kvadratmetr, bazar dəyəri isə 1 milyon 25 min 719 laridən çoxdur. Birinci cinayət işi üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri saxta təhvil-təslim aktları hazırlamaq və onlardan istifadə etməklə Tbilisinin Qldani kəndində dövlətə məxsus, ümumi sahəsi 1 000 kvadratmetr olan iki torpaq sahəsini qanunsuz olaraq mənimsəyib. Həmin ərazilərin bazar dəyəri 116 min laridən çoxdur. İstintaq, o cümlədən gizli istintaq tədbirləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi yolu ilə bir qrup şəxsin əvvəlcədən razılaşaraq dövlət torpaqlarını dələduzluq yolu ilə ələ keçirməsi, eləcə də bu cinayətə yardım etməsi faktları da aşkarlanıb. İkinci cinayət işi üzrə müəyyən edilib ki, səkkiz nəfər saxta mülkiyyət sənədlərini Gürcüstanın Milli İctimai Reyestr Agentliyinə təqdim etməklə Qldani ərazisində dövlətə məxsus torpaq sahələrini qrup halında öz adlarına qeydiyyatdan keçiriblər. Ümumi sahəsi 2 000 kvadratmetr olan həmin torpaqların dəyəri 733 min 760 lari təşkil edir. Bildirilib ki, sözügedən torpaq sahələri artıq tamamilə özgəninkiləşdirilib. Üçüncü cinayət işi üzrə isə iki nəfərin torpaq sahələrini qeydiyyata almaq məqsədilə Milli İctimai Reyestr Agentliyinə bilərəkdən yanlış məlumat verdiyi müəyyən edilib. Onlar qeydiyyat orqanını aldadaraq Aspindza bələdiyyəsinin Nijqori kəndində dövlətə məxsus iki torpaq sahəsini qanunsuz olaraq ələ keçiriblər. Həmin ərazilərin ümumi sahəsi 1 840 kvadratmetr, dəyəri isə 12 min 912 laridir. Dördüncü cinayət işi üzrə aparılan istintaq nəticəsində təqsirləndirilən şəxslərin qeydiyyat orqanına bilərəkdən saxta məlumatlar təqdim etməklə Mtsxeta-Mtianeti bölgəsinin bələdiyyələrindən birində dövlətə məxsus torpaq sahələrini dələduzluq yolu ilə mənimsədikləri müəyyən olunub. Ümumi sahəsi 7 089 kvadratmetr olan həmin torpaqların bazar dəyəri 163 min 47 laridir. Bununla yanaşı, istintaq və prosessual tədbirlər nəticəsində həmin şəxslərin eyni bölgədə dövlətə məxsus, ümumi sahəsi 10 321 kvadratmetr olan torpaq sahələrini də dələduzluq yolu ilə ələ keçirmək cəhdlərinin qarşısı alınıb. Bu torpaqların bazar dəyəri 150 min 660 lari təşkil edir. İstintaq Xidməti digər torpaq sahələrinin qeydiyyatının qanuniliyini araşdırmaq və cinayətdə iştirak etmiş ola biləcək başqa şəxsləri müəyyənləşdirmək məqsədilə tədbirləri davam etdirir. Faktlarla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci və üçüncü hissələri, eləcə də 362-ci maddəsi üzrə istintaq aparılır.

www.24news.ge