Haqqımızda Reklam
07 
Okt
2026
13:30
10
2
343

Səhiyyə naziri: "Rusiyada taun xəstəliyi ilə bağlı vəziyyəti diqqətlə izləyirik"

Səhiyyə naziri Mixeil Sarcveladze Rusiyada taun xəstəliyinin qeydə alınması ilə bağlı yayılan məlumatları şərh edib. 24News.ge xəbər verir ki, nazir hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Gürcüstanda hər hansı xüsusi tədbirin görülməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiyada xəstəliklə bağlı yayılan məlumatların qeydə alındığı ərazi Gürcüstandan uzaqda yerləşir və mövcud vəziyyət nəzərə alınmaqla hər hansı əlavə tədbirin görülməsi ilə bağlı tövsiyə yoxdur. Sarcveladze qeyd edib ki, Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi və Səhiyyə Nazirliyi vəziyyəti diqqətlə izləyir. Onun sözlərinə görə, əsas məlumat mənbələrindən biri Ümumdünya Səhiyyə Təşkilatıdır. Nazir vurğulayıb ki, hazırda panikaya və əsassız ajiotaja səbəb olacaq vəziyyət yoxdur. Bununla belə, əlavə risk müəyyənləşərsə, Gürcüstanın müvafiq qurumları əhalinin qorunması üçün lazımi tədbirləri görməyə hazırdır. Qeyd edək ki, mediada oktyabrın 2-də Rusiyanın İrkutsk vilayətinin Şelexov rayon xəstəxanasında taun əleyhinə institutun 28 yaşlı laborantı Darya Şipilovanın ağciyər taunu səbəbindən öldüyü barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, onun yoluxmasına səbəb taun patogeninin olduğu sınaq şüşəsinin təsadüfən sınması ola bilər. Lakin Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) bu məlumatları təkzib edib. Qurum Şipilovanın “müəyyən edilməmiş etiologiyalı pnevmoniya”dan öldüyünü və onun orqanizmində peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlərin aşkar edilmədiyini bildirib. “Rospotrebnadzor” həmçinin İrkutsk Taunla Mübarizə İnstitutunda patogenlərlə işləyərkən hər hansı qəzanın baş vermədiyini açıqlayıb.

www.24news.ge