Haqqımızda Reklam
04 
Okt
2026
14:44
2
3
49

Baş nazir: “Hazırda Gürcüstanda orta aylıq əməkhaqqı 2 283 lari təşkil edir”

Baş nazir İrakli Kobaxidze ölkə iqtisadiyyatının son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. 24News.ge xəbər verir ki, Kobaxidze bu barədə “Açıq efir” proqramında danışıb. Baş nazirin sözlərinə görə, 2020-ci ildə Gürcüstan iqtisadiyyatının həcmi 16 milyard dollar olduğu halda, bu ilin sonunda göstəricinin təxminən 43 milyard dollara çatacağı gözlənilir. Kobaxidze bildirib ki, iqtisadi artım əhalinin orta əməkhaqqına da təsir edib. Onun sözlərinə görə, 2012-ci ildə orta aylıq əməkhaqqı 712,5 lari olduğu halda, hazırda bu göstərici təxminən 2 283 lari təşkil edir. Baş nazir işsizlik səviyyəsinin də 2012-ci illə müqayisədə 26,7 faizdən 13,9 faizə qədər azaldığını qeyd edib. Kobaxidzenin sözlərinə görə, yoxsulluq səviyyəsində də azalma qeydə alınıb. O bildirib ki, 2012-ci ildə Gürcüstanda 1 milyon 120 mindən çox insan yoxsulluq həddindən aşağı yaşayırdısa, hazırda bu rəqəm təxminən 280 min nəfərdir. Baş nazir qeyd edib ki, 2020-ci ildə yoxsulluq göstəricisi 21,3 faiz olduğu halda, hazırda 7,1 faizə enib. Kobaxidze bildirib ki, mövcud iqtisadi artım tempinin qorunması halında yaxın dörd il ərzində yoxsulluğun tamamilə aradan qaldırılması mümkün ola bilər. O, demoqrafiyanı ölkə üçün əsas problemlərdən biri kimi qeyd edib və bu istiqamətdə də işlərin davam etdirildiyini bildirib. Baş nazir həmçinin miqrasiya göstəricilərinə toxunaraq, son iki ildə Gürcüstan vətəndaşları arasında ölkəyə qayıdanların sayının ölkədən gedənlərdən çox olduğunu bildirib. Onun sözlərinə görə, iqtisadi artım bu tendensiyanın əsas səbəblərindən biridir. Kobaxidze gələcəkdə də iqtisadiyyatın inkişafının hökumətin əsas prioritetlərindən biri olacağını vurğulayıb. Onun sözlərinə görə, iqtisadi artım ölkənin sosial vəziyyətinin yaxşılaşmasına, yoxsulluğun azalmasına, miqrasiya göstəricilərinin dəyişməsinə və Avropaya inteqrasiya istiqamətində Gürcüstanın mövqelərinin güclənməsinə təsir göstərə bilər.

www.24news.ge