Haqqımızda Reklam
05 
Sen
2026
18:01
7
0
118

Gələcəyin hüquqşünası Tamilla Cəfərovanın uğur hekayəsi

Gürcüstanda yaşayan azərbaycanlılar arasında elə gənclər var ki, keyfiyyətli təhsil alaraq qarşısına qoyduğu məqsədlərə çatmaq istəyir. Addım-addım məqsədinə doğru irəliləyir, qarşılaşdığı çətinliklər onu qorxutmur, yolundan çəkindirmir. Gürcüstanda hüquq sahəsində çalışan Tamilla Cəfərova məhz belə gənclərdəndir. Tamilla Cəfərova orta təhsilini Rustavi şəhərində gürcü dilində alıb. O, məktəb illərindən hüquqşünas olmaq arzusu ilə yaşasa da, ana dilini də mükəmməl mənimsəmək üçün Gürcüstanda fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin Azərbaycan dili kurslarına qoşulub. Mərkəzdə təşkil olunan dərslərdə fəallığı və həvəsi ilə seçilən Tamilla qısa müddət ərzində Azərbaycan dilinin qrammatikasını, yazılı və şifahi nitq mədəniyyətini dərinliklərinə qədər mənimsəyib. Bu gün T. Cəfərova həm gürcü, həm də Azərbaycan dillərini mükəmməl səviyyədə bilən gənc mütəxəssis kimi cəmiyyətə inteqrasiya edərək öz arzusunu reallaşdırıb. Məktəbi qızıl medalla bitirən Tamilla Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və universiteti fərqlənmə diplomu ilə bitirib. O, magistr təhsilini Almaniyada alıb. Orada süni intellektin tənzimlənməsi mövzusunda magistr işi yazarkən həyata yenidən və bu dəfə başqa bir prizmadan baxmağı öyrənir. Bu gün “Borjomi” şirkətində hüquqşünas kimi fəaliyyət göstərən Tamilla Cəfərova, eyni zamanda, Gürcüstan və Avropa İttifaqı miqyasında fəaliyyət göstərən ondan çox şirkətin Məlumatların Mühafizəsi üzrə Müvəkkili (DPO) kimi çalışır, xəstəxanaların, texnologiya şirkətlərinin və təhsil müəssisələrinin hüquqi uyğunluq proseslərini idarə edir. Eyni zamanda, soydaşlarımızın üzləşdiyi problemlərin həllində onlara lazımi köməkliyini də əsirgəmir.

www.24news.ge