Haqqımızda Reklam
27 
Avq
2026
19:02
5
0
317

Politoloq: “Mdinaradzenin istefası Kobaxidzenin hakimiyyətdən uzaqlaşdırılmasının anonsudur”

Politoloq Gia Xuxaşvili Mamuka Mdinaradzenin regional inkişaf naziri vəzifəsindən istefa verməsini və siyasətdən getmək qərarını baş nazir İrakli Kobaxidzenin gələcək siyasi taleyi ilə əlaqələndirib. 24News.ge xəbər verir ki, Xuxaşvili Mdinaradzenin istefasını Kobaxidzenin “son nəticədə kənarlaşdırılmasının prelüdü və anonsu” kimi qiymətləndirib. Onun sözlərinə görə, Mdinaradzenin müxtəlif vəzifələrdə fəaliyyəti əslində Kobaxidze ilə bağlı olub və proses onun siyasi baxımdan təcrid edilməsi və təsir imkanlarının məhdudlaşdırılması istiqamətində inkişaf edib: “Bu, baş verən proseslərin məntiqi davamıdır. Əslində Mdinaradze o qədər də maraqlı deyil. Onun son epizodları daha çox komik xarakter daşıyırdı və bunun necə başa çatacağı aydın idi. Amma burada əsas sual Kobaxidzeyə yönəlir. Kobaxidze kimin baş naziridir? Hökumətdə onun tabeliyində olan yeganə şəxs Mdinaradze idi. İndi isə hökumətdə onun tabeliyində heç kim qalmayıb”, – deyə politoloq bildirib. Xuxaşvili Kobaxidzeni “evdə tək qalmış uşaq”a bənzədib və onun hökumətdə real siyasi dəstəyinin olmadığını iddia edib: “Texniki hökumətdir, siyasi komponent artıq qalmayıb. Mən sabah və ya birigün bunun baş verəcəyini proqnozlaşdırmıram. Çünki Bidzina İvanişvili son dövrdə toplanmış günahları onun üzərinə yükləməli və onu bu günahlarla birlikdə yola salmalıdır. Onun gedişindən müəyyən bonus da əldə etməlidir. Bunun nə vaxt baş verəcəyinə ayrıca qərar veriləcək. Amma Kobaxidzenin evdə tək qaldığına şübhə yoxdur”. Politoloq Mdinaradzenin Dövlət Təhlükəsizliyi Xidmətində ciddi təsir imkanlarına malik olması ilə bağlı şübhələrini də ifadə edib: “Mdinaradzenin DTX-da hansısa təsirə malik olduğuna, onu həqiqətən idarə etdiyinə şübhə edirəm. O, buradan elə ayrıldı ki, məncə, bu günə qədər həmin təşkilatın nə olduğunu bilmir. Hesab edirəm ki, orada elə qərarlar qəbul edirdi ki, sistem daxilində vəziyyəti kifayət qədər gərginləşdirirdi”. Xuxaşvilinin sözlərinə görə, Mdinaradzenin müxtəlif vəzifələrə təyin olunması və sonrakı fəaliyyəti Kobaxidzenin siyasi baxımdan təcrid edilməsi prosesi ilə əlaqəli olub: “Bu gün faktiki olaraq vəziyyət belədir ki, Kobaxidze heç nəyə nəzarət etmir. Hökumətdə onun danışa bildiyi yeganə şəxs Mdinaradze idi. İndi isə o da istefa verir. Mdinaradzenin istefası heç nə demək deyil, bu, Kobaxidzenin kənarlaşdırılmasının prelüdüdür”, – deyə politoloq bildirib. Qeyd edək ki, bu gün Mamuka Mdinaradze hökumət administrasiyasında keçirilən fövqəladə brifinqdə regional inkişaf naziri vəzifəsindən istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb.

www.24news.ge