Haqqımızda Reklam
26 
Avq
2026
19:04
2
4
216

Zaxarova: “Abxaziya və Cənubi Osetiyaya yardımı davam etdirəcəyik”

Rusiya Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin və dövlətçilik strukturlarının gücləndirilməsinə dəstəyini davam etdirəcək. 24News.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib. Zaxarova 26 avqustun Abxaziya və Cənubi Osetiyada “müstəqilliyin tanınması günü” kimi qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, Rusiya 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın “suverenliyini tanıyan” dünyada ilk ölkə olub: “Bu qərar hər iki respublika xalqının müstəqillik uğrunda mübarizəsinə son qoydu, onları o vaxtkı Gürcüstan rejiminin planlaşdırdığı məhvdən xilas etdi və xoşbəxt gələcəyin qurulmasının əsasını yaratdı”, – deyə Zaxarova bildirib. Rusiya rəsmisi qeyd edib ki, son 18 il ərzində Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında münasibətlər “dinamik şəkildə inkişaf edir”. Zaxarovanın sözlərinə görə, Moskva 2008-ci il sentyabrın 9-da Suxumi və Tsxinvali ilə “diplomatik münasibətlər” qurub, sentyabrın 17-də isə “dostluq və əməkdaşlıq haqqında müqavilələr” imzalayıb. O bildirib ki, Rusiya hazırda bu “respublikalara” dövlət institutlarının gücləndirilməsi, iqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində yardım edir: “Biz milli qanunvericiliyin uyğunlaşdırılması, vahid müdafiə və təhlükəsizlik çərçivəsinin yaradılması, regionlararası əməkdaşlığın inkişafı istiqamətində çalışırıq. Dost ölkələrə dövlətçiliyinin, təhlükəsizliyinin və iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı yardımı davam etdirmək niyyətindəyik”, – deyə Zaxarova vurğulayıb. Rusiya XİN sözçüsü həmçinin Moskvanın Abxaziya və Cənubi Osetiya ilə “strateji tərəfdaşlıq və müttəfiqliyi” gücləndirmək, eləcə də ortaq ənənələri, mədəni irsi və mənəvi dəyərləri qorumaq istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

www.24news.ge