Haqqımızda Reklam
25 
Avq
2026
17:37
4
0
186

Qaribaşvili məhkəmə iclasına münasibət bildirib: “Mən sizin tamaşanızda artıq iştirak etmirəm!”

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbsxanadan növbəti məktub yayıb. 24News.ge xəbər verir ki, Qaribaşvili məktubunda onun barəsində aparılan prosesi siyasi mübarizə və ədalətsizlik adlandırıb. Qaribaşvili bildirib ki, prosesin qarşısını almaq üçün əlindən gələni edib, lakin “amansız reallıqla” üz-üzə qalıb: “Bu, mənə qarşı amansız siyasi mübarizə, ədalətsizlik və şərdir. Mən artıq bu biabırçı və ölkəmiz üçün təhqiramiz siyasi maskaradda iştirak etmək niyyətində deyiləm. Buna görə də məhkəmə prosesində də iştirak etməyəcəyəm. Mənim maraqlarımı yalnız vəkillərim təmsil edəcək və müdafiə edəcəklər”, – deyə Qaribaşvili yazıb. Keçmiş Baş nazir qeyd edib ki, bu qərarı ilə prokurorlara və hakimlərə qarşı hər hansı təhqir etmək niyyətində deyil: “Sadəcə olaraq, bunun siyasi proses olduğunu və siyasi prosesi sistemin necə və hansı şəkildə idarə etdiyini bildiyim üçün məhkəmə iclaslarına getməyin və siyasi maskaradda iştirak etməyin mənasını görmürəm. Mən artıq sizin tamaşanızda iştirak etmirəm!” – deyə o bildirib. Qaribaşvili həmçinin ona qarşı yeni ittihamların irəli sürülməsi ehtimalına toxunub və həbsdə olan şəxslərə psixoloji və mənəvi təzyiq göstərilməsi yolu ilə onun barəsində ifadələr alına biləcəyini iddia edib: “Artıq baş verməli olan baş verib. Buna görə də mənim yeganə yolum və mübarizə silahım həqiqətimdir. Mən ictimaiyyətlə açıq danışmaq və öz həqiqətimi söyləmək niyyətindəyəm. Qoy xalq qərar versin!” – deyə İrakli Qaribaşvili məktubunda qeyd edib.

www.24news.ge