Haqqımızda Reklam
24 
Avq
2026
22:08
5
0
59

Əliyev: "Zəngəzur dəhlizinin əsas işləri gələn il başa çatdırılacaq"

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin əsas işlərinin gələn il tamamlanacağını bildirib. 24News.ge xəbər verir ki, Əliyev bu barədə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasında çıxışı zamanı danışıb. Nəqliyyat layihələrinin həyata keçirilməsindən söz açan Azərbaycan Prezidenti Zəngəzur dəhlizi üzrə işlərin sürətlə davam etdiyini və layihənin Azərbaycanın ərazisindən keçən hissəsinin 2027-ci ildə başa çatdırılmasının planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Naxçıvan dəmir yolu konseptual olaraq Azərbaycan dəmir yolunun bir hissəsi hesab olunur. Əliyev bildirib ki, bu istiqamətdə beynəlxalq konsorsiumun yaradılması nəzərdə tutulur. Konsorsiumda layihəyə investisiya yatırmaq, gəlir əldə etmək və marşrut üzrə zəmanətli yük axınının təmin olunmasında maraqlı olan şirkət və ölkələrin iştirakı mümkün olacaq: “Ermənistanda da işlər aparılır. Amerikalı tərəfdaşlarımız bu barədə bizə mütəmadi məlumat verirlər. Bildiyimizə görə, Ermənistanda tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı marşrutun uzunluğu cəmi 42 kilometr, Naxçıvan Muxtar Respublikasında isə 194 kilometrdir. Məhz buna görə biz işlərə başlamışıq və istənilən halda onları başa çatdıracağıq. Bununla belə, müxtəlif şirkətlərin maraq göstərdiyini nəzərə alaraq, onların təklif olunan konsorsiumda iştirakı mümkündür”, – deyə Əliyev bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti daha əvvəl Zəngəzur dəhlizinin ilkin ötürücülük qabiliyyətinin ildə 15 milyon ton yük təşkil edəcəyini açıqlayıb. Məlumata görə, ABŞ Dövlət Departamentinin Mərkəzi Asiyada, o cümlədən Zəngəzur dəhlizində ticarət marşrutlarının inkişafına yönəldilən 200 milyon dollardan çox vəsaitin idarə olunmasına nəzarət edəcək yeni sahibkarlıq fonduna Çikaqoda fəaliyyət göstərən, Rusiyada doğulmuş özəl kapital investoru Konstantin Sokolov rəhbər təyin olunub. Sokolovun təsisçisi və rəhbəri olduğu Tripp+ Enterprises fondu adını Trump Path Project-dən, yəni TRIPP-dən götürüb. Məlumata əsasən, Tripp+ fondu postsovet məkanına dair qanunvericilik çərçivəsində yaradılıb. ABŞ 1989-cu ildən etibarən bu qanunvericilik əsasında 13 sahibkarlıq fondunu idarə edib. ABŞ Konqresi Sovet İttifaqının dağılmasından sonra Macarıstan və Polşada investisiyalar üçün 300 milyon dollar ayırıb. Üç il sonra isə icra hakimiyyətinə Şərqi Avropanın istənilən ölkəsində oxşar fondların yaradılması səlahiyyəti verilib. Artıq Konstantin Sokolovun rəhbərlik etdiyi fondun maliyyələşdirilməsinin artırılacağına dair məlumatlar da var. Belə ki, aprel ayında ABŞ Dövlət Departamenti Tripp+ fondu üçün əlavə 400 milyon dollar vəsait ayrılmasını təmin etdiyini açıqlayıb.

www.24news.ge