Haqqımızda Reklam
25 
Avq
2026
14:52
1
2
166

Bir həftə ərzində Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 100 mindən çox insan keçib

Son bir həftə ərzində Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars nəzarət-buraxılış məntəqəsindən 113 mindən çox insan keçib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya mediası Şimali Osetiya rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, eyni dövr ərzində Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 33 mindən çox nəqliyyat vasitəsi keçib. Bildirilib ki, avqustun 15 və 16-da sərhəd-keçid məntəqəsindən gündəlik 19 mindən çox insan keçib. Bu göstərici son dövr üçün rekord səviyyəyə yaxın olub. Avqustun 18-də Yuxarı Lars sərhəd-keçid məntəqəsində rekord sərnişin axını qeydə alınıb və bir sutka ərzində 20 mindən çox sərnişin sərhədi keçib. Lakin Gürcüstan Daxili İşlər Nazirliyi bu rəqəmləri təkzib edib. Nazirliyin məlumatına görə, həmin dövrdə Yuxarı Larsdan gündəlik 16 mindən bir qədər çox insan keçib. Onlardan təxminən 7 800 nəfər Gürcüstana, 8 400 nəfər isə Rusiyaya gedib. Daha sonra Rusiya Federal Gömrük Xidməti “Kommersant”a açıqlamasında bildirib ki, təqdim olunan rəqəmlər həm Rusiyaya giriş, həm də ölkədən çıxış göstəricilərinin ümumi sayını əhatə edib. Məlumat üçün bildirək ki, Yuxarı Lars Rusiya ilə Gürcüstan arasında yeganə quru sərhəd-keçid məntəqəsidir. 2022-ci ilin sentyabr ayının sonunda Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməsindən sonra bu keçid Rusiyanın ən çox yüklənmiş sərhəd məntəqəsinə çevrilmişdi. On minlərlə rusiyalı ölkəni tərk etmiş, sərhəddə kilometrlərlə uzanan avtomobil növbələri yaranmışdı. Bu ilin payızında mümkün yeni səfərbərliklə bağlı yayılan xəbərlər fonunda Rusiyadan köçlə bağlı müraciətlərin sayının da artdığı bildirilir. Rusiyanın “Relokatsiya” layihəsinin məlumatına görə, emiqrasiya ilə bağlı müraciətlərin sayı 1,7 dəfə artaraq gündə 70-dən 120-yə yüksəlib. Müraciət edənlərin əksəriyyətinin 40 yaşadək, əsasən isə 18–30 yaş arası kişilər olduğu bildirilir. Həmçinin 18 yaşı tamam olan və ya yaxın zamanda 18 yaşına çatacaq şəxslərin, eləcə də həyat yoldaşının, oğlunun və ya partnyorunun ölkədən köçməsi ilə bağlı məlumat almaq istəyən qadınların müraciətlərində artım qeydə alınıb. Məlumata görə, bu dəfə Rusiya vətəndaşlarının əksəriyyəti bir neçə aylıq müvəqqəti sığınacaq deyil, daimi yaşaya biləcəkləri ölkə axtarırlar. Bu arada, “Verstka” nəşrinin mənbələri Dövlət Dumasına sentyabrda keçiriləcək seçkilərdən sonra Rusiyada hakimiyyətin hərbi vəziyyət və yeni səfərbərlik elan edə biləcəyini bildiriblər. Yeni səfərbərliklə bağlı şayiələr artıq bir neçə aydır yayılır. Ukrayna Prezidenti Volodimir Zelenski isə Vladimir Putinin yeni səfərbərlik çərçivəsində cəbhəyə 300–500 min nəfər göndərməyi planlaşdırdığını bildirib.

www.24news.ge