Haqqımızda Reklam
22 
Avq
2026
19:07
9
1
270

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər (FOTO)

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstanda səfərdə olan inkişaf elçilərindən ibarət nümayəndə heyəti avqustun 22-də Marneulidə "Azərbaycan evi"ni və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib. Görüşdə TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, 24News.ge saytının rəhbəri Azər Məmmədov, GAİM-in müəllimləri, ziyalı gənclər Vaqif Səyyah və Atif Abbasov, eləcə də inkişaf elçiləri iştirak ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Azərbaycan Evində GAİM-in nəzdində fəaliyyət göstərən rəsm müəllimi Xəyalə Mustafayevanın Gürcüstan-Azərbaycan və Türkiyə dostluğuna həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən əsərlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblının üzvləri Azərbaycan və Gürcüstan milli rəqslərini təqdim ediblər. Milli musiqi və rəqslərin vəhdətində hazırlanan çıxış qonaqlar tərəfindən maraqla izlənilib. Səfərin davamında inkişaf elçilərinə Azərbaycan Evi və GAİM-in fəaliyyəti, həyata keçirilən layihələr, müxtəlif istiqamətlər üzrə görülən işlər, eləcə də gənclərin inkişafı üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verilib. Görüş daha sonra dəyirmi masa formatında davam etdirilib. Tədbirdə Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov çıxış edərək qonaqları salamlayıb və onların səfərini yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi qurumların fəaliyyəti, indiyədək həyata keçirilən layihələr və qarşıya qoyulan əsas məqsədlər barədə ətraflı məlumat verib. Məhəbbət İmanov çıxışında azərbaycanlı gənclərin inkişafına, onların təhsil, mədəniyyət və yaradıcılıq imkanlarının genişləndirilməsinə, milli-mədəni dəyərlərin qorunub yaşadılmasına yönəlmiş təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, eyni zamanda Gürcüstan, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində bu istiqamətdə həyata keçirilən layihələrin mühüm rol oynadığını qeyd edib. TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer görüşün əhəmiyyətini vurğulayaraq Azərbaycan Evi və GAİM-in fəaliyyəti barədə müsbət fikirlərini bölüşüb. Qonaqlar xüsusilə gənclərin inkişafına, onların fəal və yaradıcı mühitdə yetişməsinə, eləcə də milli-mədəni dəyərlərin yaşadılmasına xidmət edən layihələri yüksək qiymətləndiriblər. Görüşün sonunda Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özerə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Vətənə, xalqa həsr edilən ömür” adlı nadir albom nəşrini təqdim edib. Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş xoş təəssüratlarla yadda qalıb. Görüş zamanı gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Səfərin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları təqdim olunub.

www.24news.ge