Haqqımızda Reklam
01 
Avq
2026
21:26
4
0
114

GAİM-də 1 Avqust – Azərbaycan Dili və Əlifbası Günü münasibətilə tədbir keçirilib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 1 Avqust – Azərbaycan Dili və Əlifbası Günü münasibətilə xüsusi tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə mərkəzin həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdləri iştirak ediblər. Bildirilib ki, tədbirin məqsədi ana dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmaqdır. GAİM-in müəllimləri Xəyalə Mustafayeva və Anna Allahverdiyeva çıxış edərək Azərbaycan dilinin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıblar. Tədbir çərçivəsində şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif çıxışlarla Azərbaycan dilinə olan sevgilərini ifadə ediblər. Rəsm dərnəyinin üzvləri isə bu günə həsr etdikləri yaradıcılıq işlərini təqdim ediblər. Qeyd olunub ki, bu cür tədbirlər uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan əlifbasına hörmət hissinin formalaşmasına mühüm töhfə verir.

www.24news.ge