Haqqımızda Reklam
01 
Avq
2026
16:46
10
1
386

Qaraçöpdə mərhum səfir Hacan Hacısoyun xatirəsinə ehsan mərasimi keçirilib

Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri, neftçi alim, diplomat və şair Hacan Hacısoyun vəfatı ilə əlaqədar Qaraçöpdə ehsan mərasimi təşkil olunub. 24News.ge xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Saqareco bələdiyyəsinin meri Vaxtanq Kakutaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, mərhumun yaxınları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti və mərhumun ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra çıxış edən səfir Faiq Quliyev mərhumun həyat və fəaliyyətindən bəhs edərək, onun Azərbaycan–Gürcüstan əlaqələrinin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. O, həmçinin Hacan Hacısoyun Gürcüstandakı ictimai fəaliyyətinə, milli-mənəvi dəyərlərə bağlılığına və soydaşlarımız arasında qazandığı böyük hörmətə diqqət çəkib. Mərasimdə çıxış edən digər natiqlər də mərhum Hacan Hacısoyun zəngin həyat yolundan, çoxşaxəli fəaliyyətindən və yüksək insani keyfiyyətlərindən bəhs ediblər. Bildirilib ki, o, təkcə peşəkar diplomat və alim kimi deyil, eyni zamanda milli-mənəvi dəyərlərə sadiqliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nüfuzlu şəxsiyyət olub. Çıxışlarda mərhumun Azərbaycan–Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı mühüm rol xüsusi vurğulanıb, onun gördüyü işlərin gələcək nəsillər üçün örnək olduğu qeyd edilib. Natiqlər Hacan Hacısoyun xatirəsinin daim hörmətlə anılacağını bildirərək, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Qeyd edək ki, Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 1946-cı il martın 19-da qədim Qaraçöp mahalında – Gürcüstanın Kaxeti bölgəsinin Saqareco rayonunun Keşəli kəndində anadan olub. 1963-cü ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olub. 1969-cu ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Qaradağ neft mədənləri idarəsində operator və mühəndis kimi fəaliyyət göstərib. 1982-ci ildə görkəmli alim, akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. H.Hacısoy eyni zamanda fəal ictimai xadim kimi də böyük nüfuz qazanıb. O, doğulduğu Qaraçöp bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına dəstək məqsədilə 1989-cu ildə bir qrup həmfikri ilə birlikdə “Qaraçöp” Xeyriyyə Cəmiyyətini yaradıb və onun idarə heyətinin sədri seçilib.

www.24news.ge