Haqqımızda Reklam
31 
Iyl
2026
17:39
13
7
2113

Universitetlərdə təhsilin maliyyələşdirilməsi ilə bağlı əlavə şərtlər tətbiq olunacaq

Gürcüstanda dövlət universitetlərinə 2026–2027-ci tədris ilindən qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən tam maliyyələşdiriləcək. Lakin üçüncü semestrdən etibarən tam qrantı qorumaq üçün tələbələr müəyyən akademik tələbləri yerinə yetirməli olacaqlar. 24News.ge xəbər verir ki, bununla bağlı hökumət tərəfindən təsdiqlənmiş qərarda qeyd olunur. Yeni qaydalara əsasən, maliyyələşmə iki hissəyə bölünəcək: • 50 faiz baza maliyyələşməsi – bütün uyğun tələbələr üçün avtomatik təmin olunacaq; • 50 faiz əlavə (nailiyyətə əsaslanan) maliyyələşmə – tələbənin akademik göstəricilərindən asılı olacaq. Tələbələrə ilk iki semestr ərzində əlavə 50 faizlik maliyyələşmə də avtomatik veriləcək. Üçüncü semestrdən başlayaraq isə bu hissəni saxlamaq üçün tələbə əvvəlki semestrdə nəzərdə tutulan kreditlərin ən azı 80 faizini toplamalıdır. Belə ki, bir semestr üzrə tam yük 30 ECTS krediti təşkil edirsə, tələbə əlavə maliyyələşməni qorumaq üçün minimum 24 kredit toplamalıdır. Əgər tələbə bu tələbi yerinə yetirməzsə, dövlət yalnız əlavə 50 faizlik maliyyələşməni dayandıracaq. 50 faizlik əsas maliyyələşmə isə qüvvədə qalacaq. Məsələn, təhsil haqqı 4000 lari olarsa, dövlət 2000 larini ödəməyə davam edəcək, digər 2000 lari isə tələbənin akademik nəticələrindən asılı olacaq. Qaydalar müəyyən kateqoriyalara aid şəxslərə şamil edilməyəcək. Bunlara autizm spektr pozuntusu olan şəxslər, Təhsil Nazirliyinin inklüziv təhsil proqramlarının benefisiarları, eləcə də müxtəlif dərəcəli əlilliyi olan şəxslər daxildir. Maliyyələşmə təhsil proqramının standart müddəti ərzində davam edəcək: 4 illik bakalavr proqramı üçün maksimum 8 semestr, 3 illik bakalavr proqramı üçün 6 semestr, tibb proqramı üçün 12 semestr, magistratura üçün isə proqramın müddətinə uyğun olaraq. Qeyd olunur ki, tələbə maliyyələşməni itirdiyi halda, növbəti semestrdə bütün kreditləri (100 faiz, yəni tam 30 ECTS) toplamaqla həmin maliyyələşməni bərpa edə bilər.

www.24news.ge