Haqqımızda Reklam
04 
Iyl
2026
14:21
3
3
411

Özbəkistan nümayəndə heyəti Anakliya dərin dəniz limanının tikintisi ilə tanış olublar (FOTO)

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkədə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlxom Mahkamov ilə birlikdə Anakliya dərin dəniz limanının tikinti işləri ilə yerində tanış olublar. 24News.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazirlər həmçinin Poti liman infrastrukturuna baxış keçiriblər. Nümayəndə heyəti APM Terminal Poti, Pace Group-un yeni dəniz limanı və Poti Azad Sənaye Zonasını ziyarət edib. Nazirliyin məlumatına görə, hazırda Anakliya dərin dəniz limanında dəniz infrastrukturunun tikintisi aktiv mərhələdədir. Layihə dünyanın aparıcı Belçika şirkəti Jan De Nul N.V. tərəfindən gürcü tərəfdaşla birgə həyata keçirilir. Bildirilib ki, layihənin birinci mərhələsinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Bu mərhələdən sonra limanın illik yükötürmə qabiliyyəti ən azı 600 min TEU təşkil edəcək. Qeyd olunub ki, Anakliya limanı Panamax tipli iri gəmiləri qəbul edə biləcək. Hazırda Gürcüstanın digər limanlarında belə gəmilərin qəbulu mümkün deyil. Poti liman infrastrukturuna baxış zamanı Mariam Kvrivişvili Özbəkistan nümayəndə heyətinə gələcək layihələr barədə də məlumat verib və Orta Dəhlizin inkişafı çərçivəsində Gürcüstan limanlarının tam hazır vəziyyətdə olduğunu vurğulayıb. Səfər çərçivəsində tərəflər Poti Azad Sənaye Zonasını da ziyarət ediblər. Bildirilib ki, bu zona biznes fəaliyyətinin həcminə görə ölkənin aparıcı sənaye məkanlarından biri hesab olunur.

www.24news.ge