Haqqımızda Reklam
20 
Iyn
2026
12:36
3
4
120

Avropa İttifaqı Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistana 34 milyon avro ayırıb

Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin təsirlərini azaltmaq məqsədilə Ermənistana 34 milyon avro maliyyə yardımı göstərib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Ermənistandakı Aİ nümayəndəliyi, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen-ə istinadən yayıb. Bəyanatda bildirilir ki, vəsait ölkənin özəl sektoruna Rusiyanın ticarət məhdudiyyətlərinin təsirini yumşaltmağa kömək edəcək. Qeyd olunur ki, bu yardım Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığından cəmi iki həftə sonra təqdim olunub və Aİ-nin Ermənistana dəstək öhdəliklərinin sürətlə yerinə yetirildiyini göstərir. Maliyyə dəstəyi Avropa Komissiyası prezidentinin elan etdiyi daha geniş yardım paketinin ilk tranşı hesab olunur. Paketə həmçinin Ermənistan iqtisadiyyatının dayanıqlığını artırmaq məqsədilə ticarətin təşviqi və həmrəylik tədbirləri daxildir. Aİ-Ermənistan sammitində əldə olunmuş razılaşmalara uyğun olaraq tərəflər biznes əlaqələrinin genişləndirilməsi və erməni istehsalçılar üçün bazarlara çıxış imkanlarının artırılması istiqamətində əməkdaşlığı davam etdirəcəklər. Bəyanata əsasən, aqrar-qida məhsulları, gülçülük və digər ixracyönümlü sahələr də daxil olmaqla, ticarət məhdudiyyətlərindən zərər çəkmiş sektorlara əlavə dəstək göstəriləcək. Bu məqsədlə ticarət təşəbbüsləri, biznes forumları və bazarlara çıxışı genişləndirməyə yönəlmiş xüsusi proqramlar həyata keçiriləcək. Həmçinin qeyd olunub ki, Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyulun 5-də Ermənistana səfər edəcək. Səfər çərçivəsində yardım paketinin icrası və Aİ-Ermənistan əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

www.24news.ge