Haqqımızda Reklam
20 
Iyn
2026
10:04
5
5
148

Polşa Prezidenti Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi barədə qərar qəbul edib

Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. 24News.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Navrotskinin sözlərinə görə, qərar Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” (Ukrayna Üsyançı Ordusu) adının verilməsinə Zelenskinin razılıq verməsi ilə əlaqədar qəbul olunub. Polşa Prezidenti bildirib ki, ölkəsi “totalitarizm və zorakılıq kultundan” imtina etməyin vacibliyini anlamayanların Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək: “Belə bir orden yalnız xidmətləri deyil, həm də cəmiyyətimizin əsasını təşkil edən dəyərlərə hörməti tələb edir. Buna görə də Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə ‘UPA qəhrəmanları’ adının verilməsinə Prezident Volodimir Zelenskinin razılığını nəzərə alaraq, məsləhətləşmələrdən sonra onun ‘Ağ Qartal’ ordenindən məhrum edilməsi barədə qərar qəbul etdim”, – deyə Navrotski vurğulayıb. Polşa mediasının məlumatına görə, qərarın qüvvəyə minməsi üçün ölkənin Baş naziri Donald Tuskun razılığı da tələb olunur. Navrotski qeyd edib ki, bu addım Ukrayna xalqına qarşı yönəlməyib və Polşanın təhlükəsizlik siyasətində dəyişiklik anlamına gəlmir. O bildirib ki, Polşa Rusiyanın təcavüzünü həm özünün, həm də bütün Avropanın təhlükəsizliyi üçün təhdid hesab edir və Ukraynaya dəstəyini davam etdirir: “Rusiya təcavüzkardır, Vladimir Putin isə İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəyə səbəb olan müharibənin başlanmasına görə məsuliyyət daşıyır. Bombalanan hər yaşayış məntəqəsinin, müharibədən qaçmağa məcbur qalan hər bir uşağın və parçalanan hər ailənin arxasında Kremlin qərarları dayanır”, – deyə Polşa Prezidenti əlavə edib.

www.24news.ge