Haqqımızda Reklam
27 
Nybr
2024
16:23
53
6
2254

Avropa İttifaqına üzvlük Gürcüstandakı etnik azlıqların hüquqi vəziyyətinə necə təsir göstərə bilər?

Avropa İttifaqı nədir? Avropa İttifaqı daha ədalətli və təhlükəsiz dünyada sülh, firavanlıq və azadlığı təmin etmək məqsədi daşıyan unikal siyasi və iqtisadi birlikdir. Avropa İttifaqı insan ləyaqətinə hörmət, azadlıq, bərabərlik, qanunun aliliyi və insan hüquqları kimi dəyərlərə əsaslanır. Avropa İttifaqı haqqında Müqavilənin 2-ci maddəsi təşkilatın əsaslandığı dəyərləri, yəni: insanın ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarının qorunması, plüralizm , ayrı-seçkilik etməmək, tolerantlıq, ədalət, həmrəylik, qadın və kişi bərabərliyini müəyyən edir. Avropa İttifaqı haqqında Müqavilənin 49-cu maddəsinin I bəndinə əsasən, Avropa İttifaqı haqqında Müqavilənin 2-ci maddəsində sadalanan dəyərlərə hörmət edən və dəstəkləyən Avropa dövlətləri Avropa İttifaqına qoşulmaq üçün müraciət edə bilərlər. Sözügedən maddənin müddəalarına Avropa İttifaqına daxil olmaq üçün həm coğrafi, həm də siyasi meyarlar daxildir. Kopenhagen meyarlarına uyğun olaraq, Avropa İttifaqına daxil olmaq istəyən dövlətlər üçün zəruri ümumi normativ öhdəliklər formalaşdırılıb ki, onların arasında namizəd dövlətlərin üzv olması üçün milli azlıqların hüquqlarını təmin etməli olduqları ilə bağlı meyar da var. Gürcüstan-Avropa İttifaqı münasibətləri Gürcüstan müstəqillik əldə etdikdən sonra strateji seçim edərək, ölkənin inkişafının qeyd-şərtsiz istiqaməti kimi Avropa və Avro-Atlantik inteqrasiyanı müəyyən etdi. İkitərəfli əməkdaşlıq 1992-ci ildə Avropa İttifaqının Gürcüstanı müstəqil dövlət kimi tanıması ilə başlayıb. Tərəfdaşlıq əvvəlcə əsasən humanitar və texniki yardım istiqamətində olub. 2 sentyabr 1997-ci ildə Gürcüstan parlamenti belə bir qərar qəbul etdi ki, parlamentin 1998-ci il sentyabrın 1-dən qəbul etdiyi bütün qanunlar və digər normativ aktlar Avropa İttifaqı tərəfindən müəyyən edilmiş standartlara və normalara uyğun olmalıdır. Gürcüstan hökuməti 8 may 2004-cü il tarixli fərmanı ilə Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə milli proqramı təsdiq etdi və hökumət üzvlərinə müvafiq qanunların həyata keçirilməsi üçün fərdi (sektoral) fəaliyyət planları hazırlamaq tapşırıldı. 2007-2013-cü illər ərzində Avropa Qonşuluq Siyasəti çərçivəsində göstərilən maliyyə yardımı 11 milyard avro təşkil edərək Aİ-nin qonşuluq siyasətinə dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Qonşuluq siyasəti çərçivəsində 2007-2010-cu illərin ümumi büdcəsindən Gürcüstana ayrılan vəsaitin miqdarı 120 mln. avro təşkil edib. 2008-ci ilin avqust müharibəsindən sonra Avropa Komissiyası Gürcüstana Avropa Qonşuluq Siyasəti çərçivəsində münaqişələrlə bağlı paketdən əlavə 500 milyon vəsait ayırıb. Sözügedən yardımın əsas hissəsi məcburi köçkünlərə dəstək üçün istifadə edilmişdir. 2011-ci ilin dekabrında Avropa Komissiyası 2014-2020-ci illər üçün yeni xarici yardım vasitələrini, o cümlədən Avropa Qonşuluq Siyasətinin təsdiqi üçün Avropa Parlamentinə təklif təqdim etmişdir. Bu fəaliyyət Gürcüstanda 2015-ci ildən tətbiq edilir. Gürcüstan və Avropa İttifaqı 2010-cu ilin iyulunda assosiasiya sazişinin hazırlanması üzərində işə başlayıb. 2016-cı il iyulun 1-də Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya Sazişi tam olaraq qüvvəyə minib. Assosiasiya sazişi Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması üzrə fəaliyyət planıdır və ölkənin siyasi, sosial və iqtisadi həyatının demək olar ki, bütün sahələrini əhatə edir. O, həmçinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasının (DCFTA) komponentini ehtiva edir və Avropa İttifaqı ilə yaxınlaşma üçün mühüm spesifik mexanizmləri nəzərdə tutur. 2017-ci il martın 28-də Gürcüstan vətəndaşları üçün Aİ/Şengen ərazisinə vizasız gediş-gəliş rəsmi olaraq qüvvəyə minib. Bundan sonra biometrik pasportu olan istənilən Gürcüstan vətəndaşı Aİ/Şengen ərazisinə maksimum 90 gün ərzində vizasız gedə bilər. 2022-ci il martın 3-də Gürcüstan namizəd statusu almaq üçün Avropa İttifaqına müraciət edib. 2022-ci il iyunun 23-də Avropa Şurası Gürcüstan üçün Avropa perspektivinin açılması ilə bağlı qərar qəbul edib. 2023-cü il noyabrın 8-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Avropa Komissiyası Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün tövsiyə verəcək. Lakin Avropa Komissiyası bu qərarı ölkənin 9 istiqamətdə addım atacağını nəzərə alaraq qəbul edir. 2023-cü ilin mayında Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanunun üçüncü oxunuşda qəbul edilməsi Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə mənfi təsir göstərib. 2024-cü il iyulun 9-da Avropa İttifaqının səfiri Pavel Herçinski Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin demokratik uğursuzluqlar səbəbindən dayandırıldığını açıqlayıb. Avropa İttifaqında etnik azlıqlar necə qorunur? 27 Avropa dövlətini və onun 450 milyon vətəndaşını birləşdirən Avropa İttifaqı etnik, dini, mədəni və dil müxtəlifliyi ilə xarakterizə olunur. Avropa İttifaqına üzv dövlətlər etnik azlıqların siyasi, sosial-iqtisadi, mədəni və dil və təhsil hüquqlarına böyük diqqət yetirirlər. Aİ-yə üzv ölkələrin böyük əksəriyyəti etnik və dini müxtəlifliklə xarakterizə olunur. Avropa İttifaqında 50 milyona qədər vətəndaş özünü milli azlığın nümayəndəsi hesab edir. Bir çox Avropa ölkələrində azlıqların mülki və siyasi hüquqları qanunla təmin edilir. Avropa İttifaqına namizəd ölkə üçün Avropa Şurasına üzvlüklə bağlı faktiki öhdəliyi namizəd ölkələr üçün insan hüquqları və milli azlıqlara dair əlavə standartlar qoyur ki, bu da Avropa İttifaqı daxilində milli azlıqlarla bağlı normativ qaydanın qeyri-müəyyənliyini xeyli dərəcədə doldurur. Avropaya inteqrasiya prosesinin Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan etnik azlıqların hüquqi statusuna təsiri 2004-cü ildə 10 Mərkəzi və Şərqi Avropa ölkəsi (Latviya, Litva, Estoniya, Polşa, Malta, Çexiya, Sloveniya, Kipr, Macarıstan, Slovakiya) Avropa İttifaqına üzv oldu. (Bolqarıstan və Rumıniya 2007-cü ildə, Xorvatiya isə 2013-cü ildə Aİ-yə üzv olublar). Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyəti ölkə daxilində milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmağa hələ Avropa İttifaqına üzvlük prosesindən əvvəl başlayıb. Avropa Komissiyasının illik müntəzəm hesabatları ikitərəfli danışıqlarla birlikdə namizəd ölkələrin fəaliyyətlərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas alətlərdəndir. Avropa Komissiyası Avropa İttifaqına üzv olmaq istəyən ölkədə milli azlıqların siyasi iştirakının keyfiyyətinə həmişə böyük diqqət yetirir və namizəd dövlətləri müxtəlif qrupların bərabər və tam iştirakını təmin etməyə təşviq edir. Məsələn, Bolqarıstanda ümumi sayının 9%-ni təşkil edən etnik türk əhalisinin inteqrasiyası və siyasi hüquqlarının təmin edilməsi məsələsi ildən-ilə müsbət irəliləyişlə səciyyələnirdi. Bolqarıstan kimi, Avropa İttifaqına daxil olduğu dövrdə Macarıstan hökuməti də ölkədə yaşayan milli azlıqların siyasi fəallığının təmin edilməsi baxımından Avropa Komissiyasının tövsiyələrini nəzərə alıb. Macarıstan ölkədə yaşayan milli azlıqların dil və siyasi hüquqlarını tanıyıb. 2013-cü ildə Avropa Birliyinə üzv olan Xorvatiya etnik azlıqların siyasi iştirakını təmin etmək üçün xüsusi model hazırlayıb. Ölkə 10 proporsional seçki dairəsinə bölünür. Nümayəndəlik orqanında hər rayondan 14 nümayəndə seçilir və 5 yer milli azlıqların nümayəndələrinə ayrılıb. Bu yolla Xorvatiya illərdir etnik azlıqların siyasi iştirakı baxımından mövcud disbalansı aradan qaldırmağa çalışır. Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqədar olaraq, Avropa Komissiyası həmçinin inteqrasiya ilə bağlı dövlət proqramlarına və onların həyata keçirilməsinə cavabdeh olan qurumların səmərəliliyinə diqqət yetirir. Aİ-nin dəstəyi Mərkəzi və Şərqi Avropa ölkələrində milli azlıqların müdafiəsi üzrə xüsusi proqramların tətbiqinə və həyata keçirilməsinə mühüm təsir göstərmişdir. Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş və siyasi iştirakının qiymətləndirilməsi Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş və siyasi inteqrasiyası bu günə qədər problem olaraq qalır. 2014-cü ildə keçirilmiş son ümumi siyahıyaalmaya əsasən, etnik azlıqlar (işğal olunmuş Abxaziya və Çxinvali bölgələri istisna olmaqla) əhalinin 13,2%-ni (489 240 nəfər) təşkil edir. Onlar arasında xüsusilə iki çoxsaylı qrup mövcuddur: 6,3%-lə azərbaycan icması (233 024 nəfər) və 4,5%-lə (168 102 nəfər) erməni icması. Gürcüstan Konstitusiyası hər bir vətəndaşın hüquqlarını tanıyır və qoruyur. Konstitusiyanın 11-ci maddəsində qeyd edilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər. Dövlət vətəndaşların bərabər hüquq və imkanlarını təmin edir. Qanun irqi, dərisinin rəngi, cinsi, mənşəyi, etnik mənsubiyyəti, dili, dini, siyasi və ya digər baxışları, sosial mənsubiyyəti, əmlak və ya rütbəsi, yaşayış yeri və ya digər əlamətlərə görə ayrı-seçkiliyi qadağan edir. Konstitusiyanın bu konkret hissəsindən göründüyü kimi, Gürcüstanın istənilən vətəndaşı qanun qarşısında bərabərdir. 2005-ci ildə Gürcüstan Milli Azlıqların Müdafiəsi üzrə Avropa Çərçivə Konvensiyasını ratifikasiya edib və bunun nəticəsində ölkədə yaşayan etnik azlıqlara hörmət etməyi və onları mühafizə etməyi öhdəsinə götürüb. 2009-cu ildə hökumət “Milli Tolerantlıq və Vətəndaş İnteqrasiyası Konsepsiyası”nı və 2009-2014-cü illər üçün fəaliyyət planını hazırlayıb ki, bunun da əsasında dövlətin vətəndaş inteqrasiyasına yanaşması müəyyən edilib. 2015-ci ildə hökumət “Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyası” kimi tanınan yeni beşillik strategiyanı təsdiqlədi. Sözügedən strategiya bərabərlik və inteqrasiyanın ən mühüm mexanizmini ifadə edərək, etnik azlıqların güclənməsinə, onların ölkə quruculuğu prosesində fəal iştirakına yönəldilib. Statistik məlumatlar təsdiq edir ki, etnik azlıqların qanunverici orqanda təmsil olunmaları heç vaxt onların ölkə əhalisindəki payı ilə mütənasib olmayıb. Onuncu çağırış Parlamentində etnik azlıqların 6 nümayəndəsi var idi ki, bu da onların qanunverici orqanda ən azı üç dəfə az təmsil olunması deməkdir. Qeyd edək ki, etnik azlıqların siyasi həaya cəlb edilmələri ilə bağlı konkret mexanizmlər olmadığından onların qanunverici orqanda təmsilçiliyinin artırılması baxımından heç bir irəliləyiş yoxdur. Qeyd etmək yerinə düşər ki, etnik azlıqların siyasi proseslərə cəlb olunmasını təşviq etmək üçün Gürcüstan qanunvericiliyində siyasi partiyalar üçün kvota sistemi və ya maliyyə stimulları yoxdur. Müvafiq olaraq, etnik azlıqların siyasi fəallığı siyasi partiyaların “xoş niyyətindən” asılıdır. Gürcüstanda milli azlıqların müdafiəsi üzrə 2023-cü il hesabatında Avropa Komissiyası beş əsas məsələyə diqqət çəkib: milli azlıqların təhsili və siyasi hüquqları, azlıqların problemlərinin mediada işıqlandırılması, dini azlıqların hüquqları, nifrət və ayrı-seçkiliklə mübarizə. Yekun olaraq vurğulamaq olar ki, Avropa İttifaqına daxil olmaq etnik azlıqların müxtəlif istiqamətlərdə inkişafına təkan verəcək. Gürcüstanın uğurlu Avropaya inteqrasiyası üçün etnik azlıqların hüquqi statusunun yaxşılaşdırılması, onların bərabərhüquqlu və mülki və siyasi iştirakının tam təmin edilməsi vacibdir. Nəşr Avropa İttifaqı və Konrad Adenauer Fondunun dəstəyi ilə, Avropa üçün Vahid Gürcüstan layihəsi çərçivəsində yaradılıb. 24News.ge nəşrin məzmunundan məsuliyyət daşıyır. Sözügedən nəşr Avropa İttifaqının və ya Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

www.24news.ge