Haqqımızda Reklam
26 
Nybr
2026
16:06
2
1
2034

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı “Paata Burçuladzenin işi və ‘Gürcü Arzusu’ rejimi dövründə siyasi məhbuslar” adlı qətnamə qəbul edib. 24News.ge xəbər verir ki, Avropa Parlamentinin plenar iclasında keçirilən səsvermədə qətnamənin lehinə 441, əleyhinə isə 47 deputat səs verib. 86 deputat səsvermədə iştirakdan çəkinib. Qətnaməyə əsasən, Avropa Parlamenti Avropa İttifaqını koordinasiyalı mövqeyini qorumağa, insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili, Kaxa Kaladze və digər yüksək vəzifəli şəxslərə, həmçinin hakimlərə, prokurorlara və hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı məqsədyönlü sanksiyaların və viza qadağalarının tətbiqini tələb etməyə çağırır. Avropa Parlamenti Paata Burçuladze, İrakli Nadiradze və Paata Mancqaladze barəsində çıxarılan hökmləri sərt şəkildə pisləyib. Qətnamədə onların, eləcə də bütün siyasi məhbusların və qanunsuz saxlanılan şəxslərin siyasi mənsubiyyətindən asılı olmayaraq dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur. Sənəddə Gürcüstanın özünü təyin etmiş hakimiyyətindən ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartlara tam riayət etmək, Paata Burçuladzenin lazımi tibbi və hüquqi yardıma çıxışını, ailəsi ilə müntəzəm əlaqəsini təmin etmək tələb edilir. Həmçinin onun konsulluq xidmətlərinə maneəsiz çıxış hüququna hörmət olunması vurğulanır. Avropa Parlamenti Gürcüstan hakimiyyətini sənətçilərə, müxalifət nümayəndələrinə, jurnalistlərə və fəallara qarşı siyasi motivli cinayət təqibinə və məhkəmə təzyiqlərinə son qoymağa, ifadə, toplaşmaq və birləşmək azadlıqlarını tam təmin etməyə çağırır. Bundan əlavə, avropalı deputatlar etirazçılara qarşı həddindən artıq güc tətbiqi, hədə-qorxu və qeyri-insani rəftarla bağlı iddiaların müstəqil şəkildə araşdırılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər. Qətnamədə Avropa Parlamenti Gürcüstan xalqına və onun demokratik arzularına sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Sənəddə vurğulanır ki, qanunun aliliyinə, Avropa İnsan Hüquqları Konvensiyasına və fundamental hüquqlara hörmət Avropa İttifaqına üzvlük yolunda istənilən irəliləyiş üçün vacib şərtdir. Avropa deputatları, həmçinin Gürcüstanda demokratik proseslərin geriləməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində bəzi Aİ üzv dövlətlərinin hərəkətsizliyindən təəssüfləndiklərini bildiriblər.

www.24news.ge