Haqqımızda Reklam
26 
Nybr
2026
21:02
2
2
537

Marneulidə tikinti materiallarının düşməsi ilə bağlı şirkətdən açıqlama

Ötən gün Marneuli şəhərinin Puşkin küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasından tikinti materiallarının düşməsi ilə bağlı tikintini həyata keçirən “MİRRAM GEO” şirkəti bəyanat yayıb. 24News.ge xəbər verir ki, şirkətdən bildirilib ki, sakinlər tərəfindən tikinti zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı səsləndirilən iddiaları qəbul etmirlər. Qeyd olunub ki, tikinti işləri müvafiq təhlükəsizlik normalarına uyğun şəkildə həyata keçirilir. Şirkətin açıqlamasına görə, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Bildirilib ki, həmin gün ərazidə güclü külək əsib və küləyin təsiri nəticəsində taxta materiallarının qırıntıları yerindən qoparaq düşüb. Şirkət hesab edir ki, bu hal birbaşa təhlükəsizlik qaydalarının pozulması kimi qiymətləndirilməməlidir. Bəyanatda həmçinin qeyd olunub ki, tikinti sahəsində təhlükəsizlik qaydalarına mütəmadi nəzarət edilir. Hətta hadisədən bir gün əvvəl də müvafiq yoxlama aparılıb və təhlükəsizlik tədbirlərinin qaydasında olduğu təsdiqlənib. Şirkət binanın tikinti aparılan mərtəbələrində qoruyucu təhlükəsizlik torlarının quraşdırıldığını, ərazini əhatə edən hasarın üzərində isə əlavə örtüyün yerləşdirildiyini bildirib. Bu tədbirlərin mövcud standartlara uyğun olduğu vurğulanıb. Açıqlamada hadisə günü güclü külək səbəbindən tikinti işlərinin aparılmadığı da qeyd edilib. “MİRRAM GEO” şirkəti baş verən hadisədən sonra tikinti sahəsində təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyini və bu istiqamətdə nəzarətin artırıldığını bəyan edib. Şirkət nümayəndələri hadisə nəticəsində ətrafda yaşayan sakinlər arasında yaranmış narahatlığa görə üzr istəyib və göstərdikləri anlayışa görə onlara təşəkkür ediblər. Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhərinin Puşkin küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasından tikinti materiallarının yerə düşməsi yerli sakinlərin narazılığına səbəb olub.

www.24news.ge