Haqqımızda Reklam
31 
Okt
2026
17:30
3
1
82

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində gürcü dili üzrə ödənişsiz sınaq imtahanı keçirilib (FOTO)

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Bolnisi rayonunun məktəblərində təhsil alan şagirdlər üçün gürcü dili üzrə ödənişsiz sınaq imtahanı təşkil olunub. 24News.ge xəbər verir ki, əvvəlcə mərkəzin təsisçisi və direktoru Rezo Həsənov çıxış edərək indiyədək müxtəlif fənlər üzrə təşkil olunan ödənişsiz sınaq imtahanları barədə məlumat verib. O bildirib ki, mərkəz tərəfindən Azərbaycan dili, gürcü dili, ingilis dili və ümumi qabiliyyət fənləri üzrə, xüsusilə də Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün nəzərdə tutulan 1+4 proqramı istiqamətində dəfələrlə sınaq imtahanları keçirilib. Rezo Həsənov qeyd edib ki, bu imtahanların əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, mövcud bilik səviyyələrini müəyyənləşdirmək və onları gələcək qəbul imtahanlarına daha yaxşı hazırlamaqdır. Daha sonra mərkəzin gürcü dili müəllimi Alidə Məmmədəlizadə imtahanın keçirilmə qaydaları, sualların cavablandırılması və cavab vərəqlərinin doldurulması barədə şagirdlərə ətraflı məlumat verib. Müəllim bildirib ki, mütəmadi sınaq imtahanlarında iştirak şagirdlərin biliklərinin möhkəmləndirilməsi ilə yanaşı, imtahan həyəcanının azaldılmasına, özünəinamın artırılmasına və vaxtın düzgün idarə olunmasına da kömək edir. Qeyd edək ki, 40 sualdan ibarət sınaq imtahanında gürcü dilinin A1, A2 və A2+ səviyyələrinə uyğun tapşırıqlar təqdim olunub. İştirakçılara sualları cavablandırmaq üçün 2 saat vaxt ayrılıb. İmtahan vasitəsilə şagirdlərin nəzəri bilikləri ilə yanaşı, oxuyub-anlama, dil biliklərini tətbiq etmə, diqqət və vaxtı idarəetmə bacarıqlarının da qiymətləndirilməsi nəzərdə tutulub. Sonda mərkəzin rəhbərliyi iştirakçılara təşəkkür edərək gələcək təhsil həyatlarında və qarşıdakı imtahanlarda uğurlar arzulayıb. Bildirilib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsil imkanlarının genişləndirilməsi və qəbul imtahanlarına hazırlıq prosesinə dəstək məqsədilə bu cür maarifləndirici təşəbbüsləri davam etdirəcək.

www.24news.ge