Haqqımızda Reklam
30 
Okt
2026
18:55
2
1
147

Kobaxidze: "Beynəlxalq qumar turnirləri ilə bağlı qanun layihəsi ciddi dəyişiklik nəzərdə tutmur"

Baş nazir İrakli Kobaxidze beynəlxalq qumar turnirlərinin ölkədə keçirilməsinə imkan verən qanunvericilik dəyişikliklərini əhəmiyyətsiz hesab etdiyini bildirib. 24News.ge xəbər verir ki, Baş nazir bu açıqlamanı parlamentin qanun layihəsini sürətləndirilmiş qaydada müzakirə edərək üçüncü oxunuşda qəbul etməsinə münasibət bildirərkən verib. Kobaxidzenin sözlərinə görə, qanun layihəsi mövcud qaydalara ciddi yenilik gətirmir və məsələ ilə bağlı geniş müzakirəyə ehtiyac olmayıb. Baş nazir bildirib ki, söhbət, məsələn, beynəlxalq idman kanallarında yayımlanacaq poker turnirləri kimi konkret yarışlardan və onlar üçün müəyyən vergi tənzimləmələrinin tətbiqindən gedir: “Bu qanun layihəsi heç bir xüsusi yenilik gətirmir. Heç bir xüsusi dəyişiklik nəzərdə tutulmur. Bu məsələ ilə bağlı geniş müzakirəyə ehtiyac yox idi. Dəyişiklik mahiyyət etibarilə o qədər əhəmiyyətsizdir ki, mənim ümumiyyətlə, bundan xəbərim olmayıb. Bu qanun layihəsinin lobbiçiləri deyil, təşəbbüskarları var. Əgər böyük vəsait daxil olacaqsa, nəticədə dövlət büdcəsinə yönələcək”, – deyə Kobaxidze bildirib. Məlumat üçün bildirək ki, Gürcüstan parlamenti beynəlxalq qumar turnirlərinin ölkədə keçirilməsinə imkan verən qanunvericilik dəyişiklikləri paketini sürətləndirilmiş qaydada müzakirə edərək üçüncü oxunuşda qəbul edib.

www.24news.ge