Haqqımızda Reklam
30 
Okt
2026
12:33
4
2
78

Əli Əsədov: "Azərbaycan Gürcüstanın enerji sistemindəki qəzadan sonra operativ dəstək göstərib"

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətlərdə inkişaf edir. Enerji, ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin əsasını təşkil edir. 24News.ge xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib. Baş nazir qeyd edib ki, Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıb, son dövrdə isə strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana dövlət səfərinin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin may ayında Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib. Enerji əməkdaşlığına toxunan Baş nazir bildirib ki, iyul ayında Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəza zamanı Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib. Onun sözlərinə görə, iki ölkənin elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılıb və hazırda da həmin səviyyədə davam etdirilir. Əsədov birgə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, Azərbaycanın təbii qazının hazırda 16 ölkəyə ixrac edildiyini diqqətə çatdırıb. Baş nazir yaşıl energetika sahəsində əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək, iki ölkənin Avropaya yaşıl enerji dəhlizinin yaradılması istiqamətində fəaliyyətə başladığını bildirib. Onun fikrincə, bu layihə Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verəcək. İnvestisiya və ticarət əlaqələrinə gəlincə, Əli Əsədov Azərbaycanı Gürcüstana ən çox sərmayə yatıran ölkə kimi xarakterizə edib. O bildirib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 4 milyard dollara yaxındır. Baş nazirin sözlərinə görə, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artaraq ötən ilin ümumi göstəricisini üstələyib və 1 milyard dollara yaxınlaşıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Əsədov bildirib ki, tərəflər Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərini davam etdirirlər. Bu çərçivədə Bakı–Tbilisi–Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması iki ölkə arasındakı uğurlu əməkdaşlığın nümunəsidir. Əli Əsədov çıxışında Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin, iqtisadi əlaqələrin genişləndirilməsinin və yeni birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

www.24news.ge