Haqqımızda Reklam
30 
Okt
2026
17:42
45
1
275

Marneuli İctimai Kolleci Avropanın nüfuzlu peşə təhsili konfransında təmsil olunub (FOTO)

Belçikanın paytaxtı Brüsseldə Avropa Texniki və Peşə Təhsili və Təlimi Forumunun (EfVET) illik beynəlxalq konfransı keçirilib. Təşkilatın üzvü olan Marneuli İctimai Kolleci də bu mötəbər tədbirdə ilk dəfə iştirak edib. 24News.ge xəbər portalına verilən məlumata əsasən, “Peşə təhsili vasitəsilə qlobal vətəndaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransda kolleci direktor Ləman Karakova və təsərrüfat işləri üzrə direktor müavini İlkin Bayramov təmsil ediblər. Konfrans 35-dən çox ölkədən 500-ə yaxın iştirakçını, o cümlədən təhsil müəssisələrinin rəhbərlərini, beynəlxalq təşkilatların, Avropa Komissiyasının və biznes sektorunun nümayəndələrini bir araya gətirib. Konfransın açılışında EfVET-in prezidenti, professor Joachim James Calleja, təşkilatın icraçı direktoru Paolo Nardi və Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi Mario Nava çıxış edərək peşə təhsilinin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Səfər çərçivəsində kollecin direktoru Ləman Karakova EfVET-in prezidenti Joachim James Calleja, Kamerunun PHIBMAT Universitet İnstitutunun təsisçisi və prezidenti Christian Nchendeh, Niderlandın MBO Amersfoort Peşə Təhsili Təşkilatının icraçı direktoru Marlies Verkuijlen, Finlandiyanın Ylä-Savo Bələdiyyə Təhsil Birliyinin direktoru Kari Puumalainen və İsveçrənin Şərqi İsveçrə Tətbiqi Elmlər Universitetinin Kommunikasiya və Mədəniyyətlərarası Kompetensiyalar İnstitutunun rəhbəri Stefan Kammhuber ilə görüşüb. Görüşlər zamanı müxtəlif ölkələrin peşə təhsili sistemləri, qabaqcıl tədris təcrübələri və innovativ yanaşmaları barədə fikir mübadiləsi aparılıb, gələcək beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Marneuli İctimai Kollecinin bu beynəlxalq konfransda ilk iştirakı Avropa ölkələrinin təhsil təcrübələri ilə yaxından tanışlıq, yeni peşəkar əlaqələrin qurulması və beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım olub.

www.24news.ge