Haqqımızda Reklam
29 
Okt
2026
16:02
7
0
117

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 29 oktyabr – Türkiyə Cümhuriyyətinin elan olunmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbir Gürcüstan, Azərbaycan və Türkiyənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra giriş sözü ilə çıxış edən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru və təsisçisi Rezo Həsənov 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan olunmasının tarixi əhəmiyyətindən danışıb. O, gənc nəslin tarixi hadisələr barədə məlumatlandırılmasının, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb. Rezo Həsənov, həmçinin müstəqillik və suverenlik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yaşadılmasının və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının mənəvi borc olduğunu qeyd edib. Tədbirdə çıxış edən Gürcüstanın keçmiş parlament deputatı, tarixçi Ramiz Bəkərov Türkiyə Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib. O, Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamını xatırladaraq sülhün, qarşılıqlı hörmətin və xalqlar arasında dinc münasibətlərin qorunmasının vacibliyini vurğulayıb. Dəllər kənd məktəbinin əməkdaşı Natəvan Mehdiyeva, Abdallı icma məktəbinin müəllimi Zöhrab Aslanov, UİD təşkilatının Gürcüstan nümayəndəsi Bolu Allahyarov və xeyriyyəçi Cabrail Şahverdiyev də çıxışlarında Gürcüstan, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıblar. Çıxışçılar üç ölkənin mühüm tarixi günlərinin qeyd edilməsinin, ortaq dəyərlərin təbliğinin və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Tədbirin davamında Türkiyə Cümhuriyyətinin elan olunmasına həsr edilmiş qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılar fikir mübadiləsi ediblər.

www.24news.ge