Haqqımızda Reklam
09 
Okt
2026
15:54
4
0
238

Borjomi-Bakuriani tarixi dəmir yolu xətti dekabr ayından etibarən yenidən fəaliyyətə başlayacaq

Gürcüstanın dəmir yollarına növbəti üç il ərzində təxminən 2 milyard lari investisiya yatırılması planlaşdırılır. Eyni zamanda, Borjomi-Bakuriani tarixi dəmir yolu xətti üzrə hərəkət edən, “Kukuşka” adı ilə tanınan qatar dekabr ayından etibarən yenidən fəaliyyətə başlayacaq. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Dəmir Yolu İşçiləri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, Gürcüstan tarixən regionları və iqtisadiyyatları birləşdirən ölkə olub. Beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığı indiki dövrdə ölkənin strateji rolu daha da güclənir. Bu prosesdə Gürcüstan Dəmir Yolları mühüm əhəmiyyət daşıyır. Mariam Kvrivişvili bildirib ki, dəmir yollarının inkişafı çərçivəsində təxminən 50 yeni lokomotivin və 10 yeni sərnişin qatarının alınması prosesinə başlanılıb. Bundan əlavə, satın alınmış 200 yeni yük vaqonundan ilk 50-si artıq gündəlik daşımalar prosesinə cəlb olunub. Nazir vurğulayıb ki, dəmir yolu yalnız yük daşımaları və iqtisadi göstəricilər demək deyil, həm də insanları, şəhərləri və regionları birləşdirərək ölkənin inkişafı üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Borjomi-Bakuriani tarixi dəmir yolu xəttinin bərpası üzrə işlər yekunlaşmaq üzrədir. Layihə üçün xüsusi seçilmiş vaqonların dizaynı Bakurianinin təbii mühiti və tarixi xüsusiyyətləri ilə uyğunlaşdırılıb: “İstəyirdik ki, bu, sadəcə yenilənmiş qatar deyil, həm də onilliklər ərzində bu unikal marşrutla bağlı olan ab-havanı və əhval-ruhiyyəni özündə yaşatsın. Əminəm ki, onun geri qayıtması bir çox insana uşaqlıq xatirələrini yenidən yaşadacaq, yeni nəsilə isə Gürcüstanın ən fərqli dəmir yolu marşrutlarından biri ilə tanış olmaq imkanı verəcək. Bu, həm dəmir yolu işçiləri, həm də bütün Gürcüstan üçün xüsusi hədiyyə olacaq”, – deyə Mariam Kvrivişvili bildirib.

www.24news.ge